AzTV Bədii Şurasının ictimaiyyətlə görüşləri veriliş formatında efirdə yayımlanacaq

17 Fevral, 14:56 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) yanında Bədii Şuranın (BŞ) növbəti iclası keçirilib.

İclasda QSC sədri Rövşən Məmmədov bu günlərdə qeyd olunan AzTV-nin 64, “Mədəniyyət” kanalının isə 9 yaşı münasibətilə şura üzvlərini təbrik edib. Sədr, eyni zamanda BŞ üzvlərinin ictimaiyyətlə Xəzər rayonunda baş tutan görüşünün nəticələri ilə maraqlanıb. Şura üzvləri - Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Xalq artistləri Faiq Sücəddinov, Mübariz Tağıyev, Ramiz Quliyev, Mənsum İbrahimov, Siyavuş Kərimi, Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, professor Ceyran Mahmudova və digərləri çıxış edərək ictimaiyyətin Xəzər rayonunda da Azərbaycan Televiziyasını isti münasibətlə qarşıladıqlarını bildiriblər. Şura üzvləri daha sonra rayon sakinləri ilə görüşdə Azərbaycan Televiziyası ilə bağlı qaldırılan fikir və təkliflərini səsləndiriblər.

Rövşən Məmmədov qeyd edib ki, ictimaiyyətin rəy və təklifləri televiziyanın efir siyasətinin yürüdülməsi üçün vacib amildir.

Daha sonra iclasda cari məsələlər müzakirə olunub. Eyni zamanda şura üzvləri tərəfindən təklif olunub ki, AzTV Bədii Şurası ictimaiyyətlə ardıcıl olaraq ayda iki dəfə görüşsün, bu görüşlər veriliş formatında həftə sonu efirdə yayımlansın. Veriliş zamanı görüşdə qaldırılan irad və təkliflərin də yayımlanması təkliflər arasında yer alıb. Təklif dəstəklənərək qəbul olunub.

Bədii Şuranın növbəti görüşünün Bakı Dövlət Universitetində tələbələrlə baş tutması qərara alınıb.