Azərbaycan Prezidenti Münxendə bir sıra görüşlər keçirib

Azərbaycan Prezidenti Münxendə bir sıra görüşlər keçirib

15 Fevral, 09:55 Sosial mediada paylaşın:

Azərbaycan Prezidenti İlham Əliyev Münxendə daha bir neçə görüş keçirib.

Dövlətimizin başçısı fevralın 14-də Münxendə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.

Qazaxıstan Prezidentini salamlayan Prezident İlham Əliyev dedi:

-Kasım-Jomart Kemeleviç, Sizinlə yenidən görüşməyimə çox şadam. Burada görüşmək, münasibətlərimizin gündəliyini bir daha nəzərdən keçirmək üçün yaxşı imkandır. Hər şey çox uğurla gedir. Bizim birgə layihələrimiz çoxdur, onlar fəal həyata keçirilir. Buna görə də ümidvarıq ki, 2020-ci il də ölkələrimiz arasında münasibətlər üçün uğurlu olacaq. Biz əmtəə dövriyyəsini artırmağa çox ümid bəsləyirik. Düşünürəm ki, nəqliyyat, energetika, turizm sahələrində yaxşı imkanlar var. Ölkələrimizin vətəndaşları arasında fəal gediş-gəliş var. Bu, ölkələrimizdə turizmin inkişafı üçün çox yaxşı perspektivlər də yaradır.

Əlbəttə, bizim tərəfimizdən ratifikasiya edilmiş Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə Konvensiyanın imzalanması son dövrün ən vacib hadisəsi olub. İnanıram ki, Xəzərdə gələcək əməkdaşlığımız bütün Xəzəryanı ölkələrə daha çox dividend gətirəcək.

Kommunikasiya sahəsində fəal qarşılıqlı fəaliyyəti də qeyd etmək istərdim. Ötən il Xəzərin dibi ilə kabelin çəkilməsinə başlanılıb. Bu, ölkələrimizi daha sıx birləşdirəcək bir layihədir. Yəni, biz ikitərəfli münasibətlərin davamlı inkişafı yolu ilə gedirik. Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri gələcəkdə də möhkəmlənəcək.

Prezident Kasım-Jomart Tokayev dedi :

-Hörmətli İlham Heydər oğlu. Sizi burada, Münxendə görməyimə şadam. Elə bu yaxınlarda biz Soçidə görüşmüşük. Bizim çox yaxşı görüşümüz oldu. Sonra biz Aşqabadda MDB Sammitində görüşdük. Dövlətlərimiz arasında münasibətlərə gəldikdə isə həqiqətən də çox böyük yol qət edilib. Əslində elə sıfırdan başladıq və indi, demək olar, bütün sahələrdə qarşılıqlı münasibətlərin çox yüksək səviyyəsinə nail olmuşuq. Bu əməkdaşlığın əsasını bizim böyük sələflərimiz Nursultan Abişeviç Nazarbayev və Heydər Əlirza oğlu Əliyev qoyublar. Mən özüm Xarici İşlər naziri olanda müəyyən mənada bu əməkdaşlığın qurulmasında iştirak etmişəm. Fəxr ediləsi uğurlarımız var. Şəksiz ki, Qazaxıstan Azərbaycanla əməkdaşlığı qiymətləndirir və onu qoruyur. Siz düzgün qeyd etdiniz ki, bizdə istər nəqliyyat, istər kommunikasiyalar, istərsə də ticarət olsun, strateji xarakter daşıyan sahələr var. Biz, mahiyyətcə, Xəzər dənizi vasitəsilə qonşu dövlətlərik. Xəzər dənizinin statusu haqqında müvafiq Konvensiya da Aktau şəhərində imzalanıb. Bu, Xəzərdə irimiqyaslı əməkdaşlığın təməlini qoyur və əlbəttə, bu əməkdaşlıq, mahiyyət etibarilə, strateji əməkdaşlıqdır. Biz fürsətdən istifadə edərək, indicə səfərlərin qrafikinə, o cümlədən istər Sizin Qazaxıstana səfərlərinizin, istərsə də bizim birinci Prezidentimizin Bakıya səfərlərinin qrafikinə baxdıq. Sizin üçün hər hansı münasib vaxtda Sizi ölkəmizə səfərə dəvət etməyi vacib sayıram. Bizim həqiqətən də müzakirə olunası və həll ediləsi bir çox məsələlərimiz var. Çünki həyat yerində saymır, qarşılıqlı münasibətlərimizin yüksək səviyyədə olmasına baxmayaraq, yeni hüdudlar yaranır ki, onları da biz birgə səylərimizlə aşmalıyıq.

Prezident İlham Əliyev: Çox sağ olun.

Söhbət zamanı Qazaxıstan Prezidenti dövlətimizin başçısını ölkəmizdə parlament seçkilərinin uğurla keçirilməsi və Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbrik etdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Moldova Prezidenti İqor Dodon ilə də görüşüb.

Moldova Prezidentini salamlayan Prezident İlham Əliyev dedi:

-İqor Nikolayeviç, Sizi bir daha görməyimə şadam. Biz beynəlxalq tədbirlərdə müntəzəm görüşürük və bir daha görüşmək, gündəliyə nəzər salmaq, əməkdaşlığın inkişafının gələcək yollarını müəyyən etmək üçün hər hansı platformadan istifadə etmək ənənəsini davam etdiririk. İl yeni başlayıb. Ona görə də düşünürəm ki, bu il bizim münasibətlərimiz üçün məhsuldar olmalıdır. Nəzərdə tutduqlarımız prinsipcə yerinə yetirilir. Mövcud əlaqələr münasibətlərimizin fəal inkişaf etdiyini göstərir. Biz Sizinlə münasibətləri konkret iqtisadi amillərlə zənginləşdirmək haqqında fikir mübadiləsi aparmışıq. Düşünürəm ki, bu il daha fəal iqtisadi əməkdaşlıq olacaq. Əlbəttə, bizim əlaqələrimiz davam etdiriləcək. Ona görə də düşünürəm ki, bu il də münasibətlərimiz üçün müsbət olacaq. Bizim münasibətlərimiz dostluq münasibətləridir. Biz həmişə bir-birimizi dəstəkləməyə çalışırıq. Əlbəttə, ölkəmizə Sizin səfərinizi xatırlayıram. Bu cür fəal siyasi dialoqun davam etməsi üçün Sizi bu il planlaşdırılan beynəlxalq tədbirlərdə yenidən səbirsizliklə gözləyirik.

Prezident İqor Dodon dedi:

-Hörmətli cənab Prezident, əvvəla Sizinlə Münxendə mühüm beynəlxalq tədbirdə görüşməyimə çox şadam. Bizim ikitərəfli münasibətlərimizin çox yaxşı dinamikasını qeyd etmək istəyirəm. İmzaladığımız sazişlər faktiki olaraq əlaqələrimizin bütün spektrini əhatə edir. Sizi parlament seçkilərinin keçirilməsi, partiyanızın əldə etdiyi nəticələr münasibətilə təbrik edirəm. Bilirəm, seçkiləri bizim də müşahidəçilərimiz, həmçinin Prezident tərəfdarı olan Sosialistlər Partiyasının nümayəndələri də izləyiblər. Onlar təşkilati işlərin çox yaxşı səviyyəsini qeyd ediblər, demokratik seçkilər keçirilib. Sizi bu münasibətlə təbrik edirik.

Bu il bizim ikitərəfli münasibətlərimiz üçün çox vacib ildir. Biz hələ 2017-ci ildə Sizinlə Moldovada, Qaqauzda bir sosial layihəyə başladıq. Sizi bir daha rəsmi olaraq Moldova Respublikasına dəvət etmək istəyirəm. Bu il biz artıq onun açılışını etməliyik. Ümidvaram ki, bu il Sizin rəsmi səfəriniz olacaq. Biz bir neçə mühüm tədbir keçirəcəyik. Hökumətlərarası Komissiyanın iclasını keçirmək lazımdır. Bilirsiniz, indi Moldovada mənim keçmiş müşavirim cənab Kiku İon Vasilyeviçin başçılıq etdiyi yeni hökumət fəaliyyət göstərir. Biz artıq öz tərəfimizdən Hökumətlərarası Komissiyanın yeni heyətini təsdiq etmişik. Ümidvaram ki, yaxın vaxtlarda həmsədrlərin Hökumətlərarası Komissiyanın iclasına hazırlıq üçün görüşü olacaq. O, bizdə də, Sizdə də keçirilə bilər. Bu, bizim Sizinlə razılaşmamızdan asılıdır. Lakin çox ümidvarıq ki, yaxın aylarda Siz rəsmi səfərlə bizim ölkəmizə gələcəksiniz.

Prezident İlham Əliyev: Dəvətə görə sağ olun. Gözəl Moldovaya səfər etmək imkanından məmnuniyyətlə istifadə edəcəyəm. Mənim çox yaxşı xatirələrim var.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə də görüş keçirib.

Görüşdə Bakının mötəbər tədbirlərin keçirildiyi məkan olduğu bildirildi. Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edildi. Artıq Əfqanıstan yüklərinin Lapis-Lazuli marşrutu ilə Azərbaycan ərazisindən daşınıldığı qeyd edildi, gələcəkdə bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulandı.

Həmçinin görüşdə Azərbaycan-Əfqanıstan iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulandı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxendə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşü olub.

Görüşdə Fatih Birol Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masadakı çıxışını çox yüksək qiymətləndirdi. İcraçı direktor qeyd etdi ki, Azərbaycan dünya enerji bazarında çox etibarlı tərəfdaş kimi tanınır, bu da bilavasitə Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir.

Görüşdə “OPEC+” formatında Azərbaycanın təşəbbüsləri yüksək qiymətləndirildi. Son dövrlərdə Azərbaycanın alternativ enerji resurslarının inkişafı istiqamətində atdığı addımların önəmi vurğulandı, eyni zamanda, dünya enerji bazarındakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı.

***
Dövlətimizin başçısı Münxendə “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə İtaliya arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Qeyd olundu ki, ölkələrimiz siyasi, iqtisadi-ticari və digər sahələrdə yaxşı əməkdaşlıq edirlər, hökumətlərarası komissiya səmərəli fəaliyyət göstərir.

Görüşdə vurğulandı ki, İtaliya şirkətləri Azərbaycanda icra olunan layihələrin həyata keçirilməsində yaxından iştirak edirlər.

Söhbət zamanı əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıldı.

***
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının büdcə və administrasiya məsələləri üzrə komissarı Yohannes Han ilə də görüşü olub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında gündəlikdə duran cari məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində uğurlu əməkdaşlıq etdiyi vurğulandı.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.

 

 

 

 

 

CANLI YAYIM