Azərbaycana gələn turistlərin sayında 18 faizlik artım: hostel məsələsi gündəmdə

Azərbaycana gələn turistlərin sayında 18 faizlik artım: hostel məsələsi gündəmdə

13 Fevral, 17:47 Sosial mediada paylaşın:

Bu ilin yanvar ayında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 35 min və ya 18,1 faiz artaraq 226 min nəfərə çatıb. Əksər Avropa ölkələrində olduğu kimi Azərbaycanda da turistlər üçün dəbdəbəli otellərlə yanaşı, sərfəli qiymətə hostellər var.

Dünyada qonaqlamanın ən ucuz və sosial növü hostellərdir ki, bu da az büdcə ilə səyahət edən bir çox insanın diqqət mərkəzindədir. Çünki turistlər bahalı otellərə pul xərcləmək yerinə ucuz və sərfəli hostellərdə qalmağa üstünlük verirlər. Eyni zamanda turistlər bəzən hostelləri dünyanın müxtəlif yerlərindən dost tapmaq, ünsiyyət qurmaq üçün münasib məkan hesab edirlər.

Bakı şəhərində və regionlarda hostellərin yaradılması olduqca vacibdir. Bu, turizmin inkişafına müsbət təsir edə bilən amillərdəndir. Yetər ki, günün tələblərinə uyğun olaraq qiymətlər hotellərə nisbətən ucuz olsun.

Hostellər günün vacib tələbi olduğu kimi, müasir standartlara cavab verməklə fəaliyyət göstərir. Hər bir evdə hostel açmaq olmaz. Hostellərin standartına bir sıra nüanslar daxildir. Bunlardan biri hostellərin giriş qapısının ayrı olması, birgə yaşayış qaydalarına mane olmaması, mətbəx şəraitinin normalara cavab verməsidir. Bu gün paytaxtda fəaliyyət göstərən hostellər standartlara cavab verərsə, qonşu dövlətlərdən gələn insanlar şəxsi evlərdə qalmaq əvəzinə, hostellərdə yerləşərlər. Bu, onlara həm təhlükəsizlik baxımından sərfəli olar, həm də vergidən yayınmanın qarşısı alınar.

Bütün hostellər dövlət reyestrində qeydiyyatda olmalıdır. Qeydiyyata götürülən zaman onlar üzərində nəzarət güclənəcək, nəticədə sanitar-gigiyenik normalara əməl olunacaq, vergidən yayınma halları baş verməyəcək və qonaqlara yüksək səviyyədə qulluq ediləcək. Belə olan halda hostellər və fərdi yaşayış evini kirayəyə verənlər arasında rəqabət yaranacaq.

Məlumat üçün bildirək ki, bu ilin yanvar ayında Rusiyadan Azərbaycana gələnlərin sayı 12 min və ya 20,5 faiz artaraq 68 min nəfər, Gürcüstandan gələnlərin sayı isə 8 min və ya 14,6 faiz artaraq 64 min nəfər olub. Həm Yaxın Şərqdən, həm də Türkiyədən müvafiq olaraq 20,8 və 12,1 faiz artımla hər birindən 24 min qonaq gəlib. Yaxın Şərq ölkələri arasında ən çox artım Səudiyyə Ərəbistanı və Küveytdən gələnlərin sayında müşahidə olunub.

Vəfa Ağabalayeva

CANLI YAYIM