MSK dörd dairənin nəticəsini ləğv etdi - YENİLƏNİB

MSK dörd dairənin nəticəsini ləğv etdi -YENİLƏNİB

13 Fevral, 16:50 Sosial mediada paylaşın:

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədlər - Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətinə baxılıb.

MSK katibi Arifə Muxtarova iclasda bildirib ki, aktların araşdılması zamanı seçki bülletenləri əvvəlcədən kəsilib, müşahidəçilərin səsvermənin hesablanmasına komissiya tərəindən mane yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb. Seçicilərin iradəsinin müəyyənləşməsinə yol verilmədiyi məlum olub. Sosial şəbəkələrdə pozuntularla bağlı bu dairə üzrə görüntülər paylaşılıb. Bəzi namizədlərə güzəştlərin olması halları da müəyyən edilib.

Ekspert qrupu belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız hesab edilsin. Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq fevralın 9-da keçirilən seçkilərdə namizədlərin MSK-ya müraciətləri təmin edilib.

Məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

Xatırladaq ki, bu dairənin lider namizədi Çingiz Qənizadə idi.

***

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə və səlahiyyətli nümayəndəsi Rafael Tağızadənin də müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib.

MSK üzvü bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması zamanı Ekspert qrupu tərəfindən belə bir qənaətə gəlinib ki, həqiqətən də seçki qanunvericiliyinin pozuntularına yol verilib: “2 seçki məntəqəsində seçki komissiyasında protokol verilməyib. Bir çox məntəqələrdə bu cür pozuntulara yol verilib. Bu hallar da onu göstərir ki, seçicilərin həqiqi iradəsini müəyyənləşdirməyə imkan verilməyib. Dairənin 33 məntəqəsinin 30-da belə hallar müəyyən edilib. Hesab edirəm ki, səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

Sözügedən dairə üzrə səsvermənin nətciələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxalıb və qəbul edilib.

Qeyd edək ki, bu dairənin lider namizədi Rauf Arifoğludur (Abbasov).

***

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında, həmçinin fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

MSK üzvü bildirib ki, bir çox materiallara baxarkən müəyyən edilib ki, müşahidəçilərin iştirakı ilə protokollar tərtib edilməyib: “Həmçinin protokollar səsvermə otağından kənara çıxarılaraq tərtib edilib. Seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilib. Qanunvericiliyin tələblərinə uyğun olmayıb. Bəzi namizədlərə aid səslərə sonradan düzəlişlərin edilməsi halları müəyyən edilib. Səsvermənin etibarsız sayıldığı məntəqələrin sayı 27-dir.

İclasda həmin dairənin 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxalıb və qəbul edilib.

Qeyd edək ki, bu dairənin lider namizədi Hadı Rəcəblidir.

***

MSK-nın bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Fuad Abbasovun müraciətinə baxılıb.

İclasda bildirilir ki, 21 seçki məntəqəsi üzrə pozuntular aşkar edilib. Ümumilikdə məntqələrin sayı isə 40-dır.

İclasda həmin dairənin 21 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Beləliklə həmin dairə üzrə nəticələr ləğv olunub.

Xatırladaq ki, bu dairənin lider namizədi Hüseynbala Mirələmovdur.

CANLI YAYIM