Sosial xidmətlərdən yararlanmaq istəyənlərin nəzərinə! - İşiniz asanlaşdı

Sosial xidmətlərdən yararlanmaq istəyənlərin nəzərinə! - İşiniz asanlaşdı

13 Fevral, 15:37 Sosial mediada paylaşın:

Əhalinin sosial müdafiəsi istiqamətində ölkə başçısının tapşırıqlarına uyğun olaraq, islahatlar davam etdirilir. Əsas diqqət yetirilən məsələ isə əhaliyə xidmətdə əlçatanlığın təmin olunması, insan faktorunun təsirinin azaldılmasıdır. Şəffaflığın tam təminində, şübhəsiz ki, elektron vasitələr, portallar mühüm əhəmiyyətə malikdir. Elə vətəndaşların hər hansı məsələ ilə bağlı müraciəti üçün “Onlayn əlaqə - Canlı çat”ın istifadəyə verilməsi də bu məqsədə xidmət edir. Bəs indiyədək bu müraciətlər necə qəbul olunurdu? Tətbiq olunan mexanizmlər işə yararlı hesab edilirmi?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov deyir ki, quruma 500 minədək məktub, müraciət, ərizə və elektron qaydada müraciət daxil olub: “Təkcə 1 il ərzində “Çağrı mərkəzi”nə isə 250 min müraciət gəlib. Nazirlik tərəfindən təkcə “Çağrı mərkəzi”, sayt vasitəsilə deyil, həmçinin sosial şəbəkələr vasitəsilə də müraciətlər qəbul edilir. Yalnız keçən il nazirliyin sosial şəbəkə səhifələri vasitəsilə 10 mindən artıq müraciət cavablandırılıb”.

Deməli, yeni istifadəyə verilən onlayn əlaqə müraciət forması bu sahədə əlçatanlığın daha da yaxşılaşdırılması istiqamətində növbəti addım kimi qəbul edilir. Çünki burada vətəndaşların sosial təminat növü ilə tanış olmaları bir qədər də asanlaşır. Ümumilikdə isə ölkədə pensiya, təqaüd, müavinət kimi 21 sosial təminat növü vətəndaşların müraciəti olmadan, elektron qaydada təyin olunur. Bu il ərzində isə 15 növdə elektron arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi nəzərdə tutulur. Bu, təbii ki, vətəndaşa təqdim ediləcək xidmətlərin, veriləcək sənədlərin daha rahat və daha az müddətdə həyata keçirilməsinə imkan yaradır. Bu istiqamətdə isə vətəndaşlara DOST mərkəzləri yardımçı olur.

Vətəndaşlar DOST Mərkəzindən razıdırlar, bu rrazılığın səbəbi isə vətəndaşların əvvəlcədən müraciətinə dair işinin böyük bir hissəsinin elektron həll olunmasıdır. Yaxın vaxtlarda elektronlaşdırılan xidmətlərin sayının 91-ə çatdırılması planlaşdırılır. Təqdim edilən sosial təminat növləri ilə bağlı məlumatların daha qısa vaxtda və heç bir yerə getmədən əldə edilməsində yeni istifadəyə verilən onlayn əlaqə vasitəsinin də böyük rol oynayacağı gözlənilir. 2 gün ərzində “Onlayn əlaqə” vasitəsilə 390 müraciətin daxil olması bunu deməyə əsas verir. Xidmətdən istifadəyə gəlincə isə vətəndaşlar sosial.gov.az saytına, yəni nazirliyin rəsmi  internet səhifəsinə daxil olaraq səhifədə “Onlayn əlaqə - Canlı çat” xidməti işarəsinə toxunmalı, sonra açılan lövhədə suallarını qeyd etməlidir.

Niftulla Məmmədli

CANLI YAYIM