Parlament seçkiləri ilə bağlı beynəlxalq təşkilatların rəyinə dairŞƏRH

12 Fevral, 14:55 Sosial mediada paylaşın:

Fevralın 9-da keçirilən parlament seçkiləri Azərbaycan xalqının Prezident İlham Əliyevin başladığı ciddi struktur islahatları kursuna dəstək verdiyinin real təsdiqidir. Bu fikirdə olan yerli və beynəlxalq müşahidəçilər, xarici media mənsubları, müxtəlif ölkələrdən gəlmiş ekspertlər, habelə, exit-poll keçirən institutların təmsilçiləri səsvermə prosesi üçün yaradılan demokratik şəraiti, insanların azad və sərbəst şəkildə öz iradələrini ifadə etmələrini əsas faktor kimi irəli sürdülər. Bir sıra beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda seçki mühitinin qənaətbəxş olduğunu və ölkədə seçki mədəniyyətinin formalaşdığını birmənalı şəkildə etiraf etdilər. Hətta ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və AŞ PA-nın birgə müşahidə missiyası budəfəki seçkilərin pozitiv tərəflərini geniş anlamda etiraf etdilər.

Ümumiyyətlə, Azərbaycanda keçirilən prezident, parlament, bələdiyyə seçkiləri barədə hər zaman qeyri-obyektiv bəyanatlarla çıxış edən bu təşkilatların indiki hesabatında müsbət faktorların göstərilməsi ölkəmizə olan münasibətin sürətlə dəyişdiyinin əlaməti sayıla bilər. Seçkilərlə bağlı açıqlamaların təhlili də bəzi qənaətlərə gəlməyə imkan verir. Belə ki, Qərb qurumları Azərbaycandakı seçki mühitini yüksək qiymətləndirdilər, seçki mədəniyyətinin formalaşdığını, seçki texnologiyalarından geniş istifadə edildiyini uğur kimi diqqətə çatdırdılar.

Hesabatda digər rasional məqamlar da vurğulanır. Məsələn, namizədlərin çoxluğu, MSK və beynəlxalq müşahidəçilər arasında məhsuldar əməkdaşlığın təmini, 1000 məntəqədə veb-kameraların quraşdırılması və digər texniki vasitələrin geniş tətbiqi, habelə məcburi köçkünlərin seçki hüquqlarının qorunması istiqamətində atılan adımlar ATƏT Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və AŞ PA-nın müşahidə missiyası tərəfindən pozitiv elementlər kimi bəyan edildi

Şübhəsiz, seçkilərlə bağlı istər sosial şəbəkələrdə, istər onlayn mediada, istərsə də seçki məntəqələrində antitəbliğat aparan radikal ünsürlər fərqli situasiyanın yaranacağını düşünürdülər. Söhbət əvvəlki illərdə olduğu kimi, Azərbaycan əleyhinə sərt qətnamələrin qəbulu və hətta sanksiya tətbiqinə nail olunmaqdan gedir. Bu dəfə də antiazərbaycançı şəbəkə absurd tələblə çıxış edərək ölkəmizin AŞ PA-da səs hüququndan məhrum edilməsini irəli sürdü. Lakin AŞ PA müşahidə Missiyasının rəhbəri Frank Şvabe, ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Artur Gerasimov, DTİHB-in müşahidə missiyasının rəhbəri Piter Teyler fərqli mövqe ortaya qoyaraq bildirdilər ki, seçkilərin legitimliyi məsələsini yalnız Azərbaycan xalqı müəyyən edir və bu məsələ onların mandatına aid deyil.

Bu arada, Avropa İttifaqı Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanat yayıb. Sənəddə Avropa İttifaqı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ilkin qiymətləndirməsini bölüşdüyünü bəyan edir. Bildirilir ki, Avropa İttifaqı bütün vətəndaşların mənafeyi naminə dialoqun davam etdirilməsini və Azərbaycan təsisatları ilə, o cümlədən yeni seçilmiş parlamentlə sıx işləməyi səbrsizliklə gözləyir.

Avropanın bir sıra ölkələrinin, o cümlədən İtaliya, Almaniya, Fransa, Polşa, Bolqarıstan, Çexiya, Yunanıstan parlamentlərinin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ekspertləri də fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı hesabat yayıblar. Qeyd edilir ki, müşahidəçilər səsvermənin nəticələrini saxtalaşdırmaq və təhrif etməklə bağlı heç bir problem və ya cəhd qeydə almadıqlarını bildiriblər. Hesabatda, həmçinin müşahidə missiyasının bəzi çatışmazlıqlar da qeydə aldığı, lakin bu çatışmazlıqların səsvermə prosesinin normal şəraitdə keçməsinə və seçicilərin öz iradələrini sərbəst ifadə etmələrinə təsir göstərmədiyi vurğulanır.

“Sotrudniçestvo” beynəlxalq münasibətlər institutunun müşahidə missiyası da parlament seçkilərinə dair hesabat yayıb. Dövlət Dumasının bir qrup deputatının yer aldığı missiyanın hesabatında bildirilir ki, Milli Məclisə seçkilər dürüst, ədalətli, azad və şəffaf olub və mövcud qanunvericiliyə uyğun keçirilib. Çinin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan da mətbuata açıqlamasında Azərbaycanda parlament seçkilərinin uğurla keçirildiyini vurğulayıb: “Çin tərəfi yaxın dost və tərəfdaş olaraq Azərbaycanla ikitərəfli münasibətlərini yüksək qiymətləndirir. Çin Azərbaycanla qarşılıqlı dəstəyi artırmaqla və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yüksək səviyyəli əməkdaşlıq qurmaqla iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəlməsini arzu edir”.