Prezident İlham Əliyev: “Bu, onu göstərir ki, xalqımız nə qədər istedadlıdır”

Prezident İlham Əliyev: “Bu, onu göstərir ki, xalqımız nə qədər istedadlıdır”

12 Fevral, 10:57 Sosial mediada paylaşın:

“Siz uzun illərdir ki, xalqımızı öz sənətinizlə sevindirirsiniz. Həm gözəl ifaçı, xanəndə, həm gözəl bəstəkar kimi Azərbaycan musiqi mədəniyyətinin xəzinəsinə böyük töhfələr vermisiniz”.

Bu sözləri Prezident İlham Əliyev fevralın 11-də Heydər Əliyev Mərkəzində Xalq artisti Əlibaba Məmmədovla görüşündə deyib.

Ölkə başçısı xalqın Ə.Məmmədovu sevdiyini vurğulayıb: “Siz 100-dən artıq mahnının müəllifisiniz və sizin ifanızda səslənən xalq mahnılarımız, muğamlarımız insanlara xüsusi zövq verir. Xalq sizi ürəkdən sevir, siz həm gözəl sənətkar, həm də gözəl insansınız. Siz Azərbaycan ziyalısını təcəssüm etdirirsiniz. İnsan kimi də sizin çox yüksək keyfiyyətləriniz var. Çox xeyirxah, ədalətli və eyni zamanda, həmişə öz biliklərinizi, öz sənətinizi gənc nəsillə bölüşməyə hazır olmusunuz. Sizin bu sahədə müstəsna xidmətləriniz yüksək qiymətləndirilir. Çünki bizim bir çox görkəmli muğam ifaçılarımız sizin məktəbinizin, belə demək mümkündürsə, məzunlarıdır.

Muğam bizim milli sərvətimizdir. Siz bizim milli sərvətimizin qorunmasında xüsusi rol oynamısınız. Xüsusilə qeyd etməliyəm ki, müntəzəm olaraq keçirilən muğam müsabiqələri televiziya vasitəsilə milyonlarla insanı əhatə edir. Bu müsabiqələrə baxarkən bizim insanlarımız, hətta musiqidən uzaq olan insanlar muğamın əsl mahiyyətini, incəliklərini öyrənirlər. Gənc ifaçıların çıxışları, xüsusilə münsiflər heyətinin təhlilləri böyük maraq doğurur. Çünki muğamın əsl mahiyyəti, bütün incəlikləri münsiflər heyətinin açıqlamalarında özünü büruzə verir. Siz gənc ifaçılara böyük mərhəmətlə yanaşırsınız, bəzi hallarda görürəm, onları ruhlandırırsınız ki, ruhdan düşməsinlər. Eyni zamanda, onların səhvlərini qeyd edirsiniz və yol göstərirsiniz. Hesab edirəm ki, əsl sənətkarın xalq qarşısında xidmətləri bundan ibarətdir. Siz o insanlardansınız ki, təkcə öz sənətinizə qapılmamısınız, onu bölüşmək istəyirsiniz. İstəyirsiniz ki, muğam yaşasın, gənclər bu sənətə yiyələnsinlər”.

Dövlət başçısı xatırladıb ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə televiziya müsabiqələri artıq uzun illərdir keçirilir: “Hesab edirəm ki, bunun nəinki musiqi mədəniyyətimizin, bütövlükdə mənəvi dəyərlərimizin təbliğində xüsusi əhəmiyyəti var. Mən çox şadam ki, bizim gənclərimizin böyük əksəriyyəti milli musiqiyə bağlıdır. Bu, hər bir ölkədə belə deyil. Elə ölkələr var ki, orada milli musiqi kənarda qalır, indi dəbdə olan hansısa beynəlxalq musiqi nümunələri üstünlük təşkil edir. Ancaq hesab edirəm, bizim üstünlüyümüz və xoşbəxtliyimiz ondan ibarətdir ki, gənclərimiz də milli musiqiyə bağlıdırlar. Muğamı yaşatmaq bizim üçün müqəddəs vəzifədir. Eyni zamanda, ölkəmizdə bir neçə dəfə keçirilmiş beynəlxalq muğam festivalları da xüsusi rol oynayır. Bu festivallara bir çox ölkələrdən ifaçılar gəlir. Məhz bu festivalı Azərbaycanda keçirməklə bir daha sübut edirik ki, muğam bizim sənətimizdir, muğamın vətəni Azərbaycandır və biz bunu bütün dünyaya çatdırırıq. Bu, onu göstərir ki, xalqımız nə qədər istedadlıdır, bizim milli sənətimiz sərhədlərimizin hüdudlarından kənarda çox sevilir və bir çox ölkələrdə bu sənət yaşayır.

Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir, Azərbaycan xalqı da həmçinin”. 

CANLI YAYIM