Ermənistanda etirazlar davam edir - Polislə toqquşma

Ermənistanda etirazlar davam edir - Polislə toqquşma

11 Fevral, 15:00 Sosial mediada paylaşın:

Ermənistanda etiraz aksiyaları səngimir.

İrəvan şəhərinin şimal qapısı hesab olunan Malatia-Sebastia inzibati rayonunda “gecəqondu” tipli evlərdə yaşayan sakinlərdən həmin ərazilərdə yeni tikinti işinin aparılması üçün ərazilərin boşaldılması tələb edilir. Sakinlər isə bildirirlər ki, onlara şəhərdəki evlərin qiymətinə uyğun pul kompensasiyaları ödənilmədiyi halda yaşadıqları yerdən çıxmayacaqlar. Sözügedən ərazi “Zvartnots” beynəlxalq hava limanının yaxınlığında yerləşdiyindən narazı kütlə etiraz əlaməti olaraq aeroporta gedən yolu  bağlamağa cəhd edib. Hadisə yerinə cəlb olunan xeyli sayda polis qüvvələri ilə etirazçılar arasında toqquşma baş verib.

Ermənistan Müdafiə Nazirliyi binası qarşısında da vəziyyət gərgindir. Buna səbəb nazirliyin birinci ordu korpusu ərazisində qar uçqunu altında qalan 8 hərbçidən 4-nün ölməsi, digərlərinin isə ağır vəziyyətdə olmasıdır. Eyni zamanda əslən Ermənistanın Ararat bölgəsindən olan 2000-ci il təvvəlüdlü müddətli əsgər Valeri Karapetyanın işğal olunmuş Dağlıq Qarabağdakı hərbi hissələrin birində müəmmalı ölümü valideynlərini yenidən etiraz nümayişlərinə sövq edib. 

İrəvan şəhərində ictimai nəqliyyat vasitələrinin sürücüləri də kütləvi tətillərə başlayıblar. 350-dən çox sürücünün etirazı ictimai nəqliyyatı iflic edib. 20-25 dərəcə şaxtalı havada minlərlə sakin dayanacaqlarda saatlarla marşrut avtobusunu gözləmək məcburiyyətində qalıb. Etirazlara əsas səbəb fevralın 1-dən yanacaqdoldurma məntəqələrində qazın qiymətinin 25 faiz bahalaşmasıdır.

Aydın Eyvazov

CANLI YAYIM