Beynəlxalq müşahidə missiyalarının hesabatı “sapı özümüzdən olan baltalar”ı məyus etdi...

Beynəlxalq müşahidə missiyalarının hesabatı “sapı özümüzdən olan baltalar”ı məyus etdi...

11 Fevral, 12:31 Sosial mediada paylaşın:

9 fevral parlament seçkiləri ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi artıq tarixə çevrildi. Yüksək siyasi fəallıq mühitində keçən seçkilər azad, demokratik və şəffaf şəraitə baş tutdu. Çoxsaylı beynəlxalq müşahidə missiyaları, o cümlədən yerli müşahidəçilər də bu qənaətdədirlər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyası Milli Məclisə növbədənkənar seçkilərlə bağlı fevralın 10-da ilkin qənaətlərini açıqlayıb.

Hesabatda çoxlu sayda namizədin qeydə alınması, onların qeydiyyatı prosesinin inklüzivliyi, həmçinin 19 siyasi partiya namizədlərinin seçkilərdə iştirakı müsbət hal kimi dəyərləndirilir. Eyni zamanda 89 min yerli, 883 beynəlxalq müşahidəçinin olması, seçki administrasiyasının resurslarla yaxşı təmin olunması və qısa vaxta baxmayaraq qanunla müəyyən edilmiş bütün müddətlərə riayət edilməsi təqdir olunur. Mərkəzi Seçki Komissiyasının şəffaf surətdə işləmək üçün səy göstərməsi və beynəlxalq müşahidəçilərə münasibətdə xoşməramlılığı, seçkilərin müşahidəçilər və mediaya açıqlığının şəffaflığı artırması xüsusi qeyd edilir. Hesabatda məcburi köçkünlərin seçki hüquqlarının təmin edilməsi sahəsində mühüm işlərin görüldüyü qeyd edilib, veb-kameralarla seçkilərin gedişinin izlənilməsi müsbət hal kimi vurğulanıb.

Eyni zamanda Ermənistanla münaqişə ilə əlaqədar Azərbaycanın nəzarətindən tam və qismən kənar olan 10 seçki dairəsində seçkilərin keçirilə bilməməsi qeyd olunur.

Mətbuat konfransında səslənən bu fikirlərə “sapı özümüzdən olan baltalar”dan bəziləri “Roma Papasından artıq katoliklik edərək” Azərbaycan nümayəndə heyətinə AŞ PA-da səlahiyyət verilməməsi məsələsini qaldırdı. Cavab olaraq qatı anti-azərbaycançı Frank Şvabe məsələyə skeptik yanaşdığını, xüsusilə də AŞ  PA-da Rusiya nümayəndə heyəti ilə yaşananlardan sonra onun daha da mürəkkəb olduğunu qeyd etdi. Əlbəttə, bu bir daha sübut etdi ki, “sapı özümüzdən olan baltalar” virtual dünyada yaşayır, reallıqdan çox uzaqdırlar. Ona görə də ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Artur Gerasimov vurğuladı ki, legitimlik məsələsini yalnız Azərbaycan xalqı müəyyən edir.

DTİHB-nin müşahidə missiyasının rəhbəri Piter Teyler isə qeyd etdi ki, məsələ onların mandatına aid deyil.

Beləliklə, missiyanın bəyanatı və mətbuat konfransı ilə bağlı ümumiləşdirilmiş qənaət bundan ibarətdir ki, DTİHB-nin budəfəki dəyərləndirməsində prosedur-təşkilati, metodoloji yanaşma üstünlük təşkil edir. İddia edilən çatışmazlıqlar prosedur və təşkilati nöqteyi-nəzərdən qiymətləndirilir və seçkinin nəticələrinə təsir edə biləcək formada təqdim olunmur. Qeyd olunan çatışmazlıqlar isə yerli və məhəlli xarakter daşıyır. DTİHB-nin seçkilərlə bağlı tənqidləri yalnız Azərbaycana münasibətdə özünü göstərmir. Müqayisə etdikdə Qərbi Avropa ölkələrində bəzən daha kəskin problemlər müəyyən olunur. Təəssüflə də olsa deməliyik ki, “sapı özümüzdən olan baltalar” DTİHB-dən seçkinin nəticələrini şübhə altına salacaq bəyanat gözləyirdilər. Bu baş vermədiyi üçün onlar tamamilə məyus oldular. Beləliklə seçkilər bir daha göstərdi ki, Azərbaycan hökumətinin beynəlxalq ictimaiyyətdən gizlədəcəyi, çəkinəcəyi bir problemi yoxdur və istənilən beynəlxalq təşkilatla konstruktiv əsasda əməkdaşlığa hazırdır.

Sahəddin Hüseynov

CANLI YAYIM