2021-ci ilin sonunadək Bakı şəhərinin Baş Planının hazırlanması sona çatdırılacaq

2021-ci ilin sonunadək Bakı şəhərinin Baş Planının hazırlanması sona çatdırılacaq

12 İyul, 15:08 Sosial mediada paylaşın:

2021-ci ilin sonunadək  Bakı şəhərinin  Baş Planın hazırlanmasının sona çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün hökumətə təqdim olunması nəzərdə tutulur. 213 min hektar ərazini əhatə edən planın hazırlanmasında hazırda məlumatlar analiz edilir. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsinin hazırladığı Bakı şəhərinin elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri paytaxtın Baş Planının yaradılmasında əsas mənbə kimi istifadə olunacaq. Bu gündən Komitənin hazırladığı rəqəmsal kadastr məlumatlarının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə inteqrasiyasına start verildi.

Paytaxtın baş planının hazırlanmasının 2-ci mərhələsi üzrə işlər davam etdirilir. 213 min hektar ərazini əhatə edən planda müxtəlif dövlət qurumları ilə sıx  inteqrasiya şəraitində  məlumatların emalı həyata keçirilir. Əmlak Məsələləri Dövlət Komitəsinin hazırladığı Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri də paytaxtın Baş Planının yaradılmasında əsas mənbə kimi istifadə olunacaq.  Bu bazada torpaq və yaşayış binaları, istehsalat obyektləri, qeyri-yaşayış sahələri, o cümlədən yerüstü mühəndis-kommunikasiya xətləri, təhsil, səhiyyə, məişət obyektləri barədə müfəssəl məlumat əksini tapıb. Həmçinin mühafizə zonaları, torpağın yerləşmə vəziyyətini göstərən koordinatlar, təyinatlar yerləşib. Kadastr məlumat bazasında sosial təyinatlı obyektlərin yerləşməsinə dair məlumatların mövcudluğu onların xidmət radiuslarının təhlilinə, zəruri əlavə layihələndirmə işlərinin  lazımlılıq  dərəcəsinin müəyyənləşdirilməsinə dəstək olacaq.

Bu inteqrasiya Bakının Baş Planının hazırlanması prosesini daha da sürətləndirəcək. Daşınmaz əmlak idarəçiliyi, inkişaf planlaşdırılması və şəhər təsərrüfatının səmərəli, rasional, operativ idarəedilməsi baxımından əsas rol oynayacaq. Həmçinin məlumatların inteqrasiyası sahəvi təyinatlı geodeziya işlərinin aparılması, şəhərsalmanın planlaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Belə məlumatların əldə olunması görülən işlərin səmərəliliyini artıracaq.

Baş Planının hazırlanmasını Almaniyanın nüfuzlu "AS+P" şəhərsalma şirkəti həyata keçirir. Prosesin bu mərhələsində şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparılacaq. Nəzərdə tutulan bu çoxşaxəli kompleks fəaliyyət çərçivəsində müxtəlif incələmə səviyyəsində bir sıra istiqamət üzrə proqramlar işlənəcək. Baş Planın hazırlanması işinin 2021-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur. Baş Plan şəhər ərazisi daxilində torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadə növlərini müəyyənləşdirir və növbəti 20 il ərzində şəhərin inkişafında iştirak edən bütün qurumlar tərəfindən bu istiqamətdə fəaliyyətdə rəhbər tutulacaq əsas sənəddir.

CANLI YAYIM