Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisi başa çatır

24 Yanvar, 14:38 Sosial mediada paylaşın:

Sabunçu rayonunun Pirşağı qəsəbəsi yaxınlığında inşa edilən Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisi başa çatmaq üzrədir. Yeni bioloji tipli tullantı sutəmizləyici qurğu məhsuldarlığı sutkada 40 min kubmetr layihələndirilib. İşlərin 95 faizdən çoxu yerinə yetirilib.

Pirşağı tullantı sutəmizləyici qurğular komplesinin çıxış xəttinin 400 metrlik hissəsi quru, 1300 metrlik hissəsi isə dənizdə quraşdırılıb. İnşasında son texnologiyalardan istifadə edilən layihə çərçivəsində dənizin dibi ilə marşrut müəyyənləşdirilib və ixtisaslaşmış gəmilərlə dib dərinləşdirmə işləri aparılıb. Ərazidə yaranan tullantı sularının toplanaraq təmizləyici qurğuya ötürülməsini təmin etmək məqsədilə giriş nasos stansiyasının yer səthindən 28 metr dərinlikdə yerləşən şaxtası inşa olunub. Ötürmə gücü sutkada 260 min kubmetr olan nasos stansiyası quraşdırılır.

Li Kanqmin (İnşaat Meneceri):

- İşlərin əhəmiyyətli hissəsi görülüb. Hazırda inşaat sahəsi üzrə asfalt işləri üzrə hazırlıq gedir, memarlıq işlərinə gəlincə, onu deyə bilərəm ki, boyama işlərinə başlamışıq. Elektrik enerjisinin təmini üçün ərazidə kabel çəkilişləri də aparılır. Hazırda boru dayaqları və boruların quraşdırılması işləri gedir. Ümümillikdə, layihə üzrə işlərin 95 faizi tamamlanıb.

1700 metr uzunluğunda olan daşıyıcı xətlər qurğuda təmizlənən  suların dənizin nisbətən dərin hissəsinə axıdılmasını təmin edir. Polad boruların diametri 1600 mm-dir. Xəttin korroziyaya qarşı davamlılığı üçün borular daxildən və xaricdən xüsusi materialllarla izolyasiya olunub.

Kim Sunqhun (Mexaniki Mühəndis):

- Bizim indi dayandığımız bu ərazidə çirkab suların bioloji təmizləməsi aparılacaq. Bundan sonra növbəti mərhələ - durulducu çən və diskmembranın tikintisi nəzərdə tutulub. Bu mərhələlərdən keçdikdən sonra təmizlənən su dəniz canlılarının yaşaya biləcəyi formaya salınacaq. Onu da deyək ki, avadanlıq Koreyadan gətirilib və hazırda quraşdırlma mərhələsindədir.

Bioloji təmizləmədən keçən suların çökdürülməsi və susuzlaşdırılması məqsədilə durulducu çənlərin və lil susuzlaşdırma binasının tikintisi də son mərhələdədir. Ən sonda tullantı sularının diskfiltr vasitəsilə təmizlənməsi və zərərsizləşdirilməsi nəzərdə tutulur.

Proses zamanı yarana biləcək pis qoxuların da qarşısı alınacaq. Bunun ərazidə xüsusi qurğular quraşdırılıb.

Onu da deyək ki, Pirşağı tullantı sutəmizləyici qurğusunun inşasına 2017-ci ildə başlanılıb. Layihəni Azərbaycan hökuməti ilə Koreya Respublikasının İxrac-İdxal Bankı birgə maliyyələşdirir.

 

Sədaqət Süleyman, Nuran Ələkbərli