Sərnişindaşımada xidmət keyfiyyəti artırılır

24 Yanvar, 13:00 Sosial mediada paylaşın:

Paytaxtda daha bir marşrut xətti üzrə avtobuslar yenilənib. Bundan sonra Abşeron gənclər şəhərciyi - Bakı Mühəndislik Universiteti üzrə marşrut xəttində yeni avtobuslar fəaliyyət göstərəcək.

Bakı nəqliyyat agentliyindən bildirilib ki, marşrut xətləri üzrə nəqliyyat vasitələrinin daha keyfiyyətli avtobuslarla yenilənməsi xidmət səviyyəsinin yüksəldilməsinə hesablanıb. Vətəndaşların ictimai nəqliyyatdan daha rahat və təhlükəsiz istifadəsinin təmin edilməsi ilə bağlı işlər davam etdirilir. Bu çərçivədə son 1 ildə 800-ə yaxın məntəqədə dayanacaq pavilyonu da əsaslı təmir olunaraq istifadəyə verilib. Dayanacaqlardakı məlumat lövhələrinin fəaliyyəti də bərpa edilib.

Müntəzəm marşurut xətlərində gediş haqqı, ödənişlərinin kart sisteminə keçidi ilə bağlı işlər də demək olar ki, son mərhələdədir. Əhalinin rahat gediş gəlişini təmin etmək, yollardakı sıxlığın aradan qaldırılması ilə bağlı hərəkətin tənzimlənməsi istiqamətində də müəyyən işlər aparılır. Bu çərçivədə vətəndaşların müraciətləri nəzərə alınmaqla 4 ərazi üzrə yol hərəkəti qaydalarında dəyişikliklər edilib.

Əhalinin sıxlığı müşahidə olunan ərazilərdə marşrut xətləri üzrə yeni, beynəlxalq standartlara cavab verən iritutumlu avtobusların istifadəyə verilməsi, sərnişindaşımada xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər növbəti günlərdə də davam etdiriləcək.