Bakı Dövlət Peşə Təhsil Mərkəzində yeni təlimlərə başlanılıb

Bakı Dövlət Peşə Təhsil Mərkəzində yeni təlimlərə başlanılıb

24 Yanvar, 12:08 Sosial mediada paylaşın:

Bu il müxtəlif istiqamətli 10 pilot peşə təhsil müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulub.

Prezident İlham Əliyevin iştirakı ilə ötən il açılışı olan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində isə yeni təlim prosesinə başlanılıb. Beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye üçün kadr hazırlığını həyata keçirən mərkəzdə bu ildən ixtisasların sayı da artırılacaq.

2019-2020-ci tədris ili ərzində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələrə müxtəlif qısamüddətli kurslar təklif olunur. Təlim prosesi həftədə 2 dəfə 2 saat olmaqla aparılır. Təhsil Nazirliyi və Koreya Respublikası arasında imzalanan saziş əsasında 2016-cı ildə yaradılan mərkəz 25-dən çox xarici və yerli şirkətlə əməkdaşlıq edir. Beynəlxalq təcrübənin ölkəmizdə tətbiqində əsas məqsəd biznes şirkətlərinin inteqrasiya prosesinə cəlb edilməsidir.

Peşə Təhsil Mərkəzi hazırda iki beynəlxalq şirkətin akademiyası ilə əməkdaşlıq edir. Mərkəzin nəzdində fəaliyyət göstərən “Cisco Şəbəkə Akademiyası” arasında anlaşma memorandumu imzalanıb. Akademiyada təlim kursları iştirakçılara şəbəkə inzibatçılığı sahəsində başlanğıc və yüksək səviyyəli biliklərin öyrədilməsi ilə yanaşı, onlara karyera qurmaq və mövcud karyeralarında yüksəlmək üçün geniş imkanlar yaradacaq. Növbəti tədris ilindən həm əməkdaşlıq qurulan şirkətlərin sayı artıılacaq, həm də tərtib olunan tədris və kurikulum üzrə yeni planlar həyata keçiriləcək. Hazırda tədris olunan 8 ixtisasa yeni fənlərin əlavə olunmasına başlanılır. Bu ixtisaslar əsasən kibertəhlükəsizlik sahəsini əhatə edəcək.

Qeyd edək ki, 2018-ci ildə regionlarda və Bakıda fəaliyyət göstərən 55 peşə təhsili müəssisəsinin bazasında 24 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Daha iki mərkəzin isə yaradılması nəzərdə tutulub. 2020-ci ildə müxtəlif istiqamətli 10 pilot peşə təhsil müəssisəsinin qurulması planlaşdırılıb. Bütün bunlar isə peşə təhsili sahəsinə birbaşa müsbət təsir göstərməklə özünü gələcəkdə müxtəlif sahədə mütəxəssis kimi sınamaq istəyənlərə geniş imkanlar yaradır.

CANLI YAYIM