“Həmsöhbət”in qonağı: “Şeirlərimin çoxunu mətbəxdə yazıram”

“Həmsöhbət”in qonağı: “Şeirlərimin çoxunu mətbəxdə yazıram”

9 İyul, 17:04 Sosial mediada paylaşın:

 Radioanons

 

 

Çağdaş poeziyamızın sayılıb-seçilən nümayəndələrindən biri, tanınmış şairə Fərqanə Mehdiyevanın etirafıdır bu. Söz yox, mətbəxə, qaba-qaşığa bağlı olan varlıqdır qadın. Amma Fərqanə xanım evinin bu guşəsində təkcə xörək bişirməklə kifayətlənmir, “şeir bişirir” həm də:

                  

Mən düzüm sözləri vərəq süfrəmə,

Kim bilir familli, adlı çıxacaq.

Ürək qabarından yaranan şeirin

Çox güman, tikəsi dadlı çıxacaq.

 

Məni qınamayın, ürək yağımla

Sözü qızardacam soğan əvəzi.

Bir kimsə tapmadım, üz tutdum hara,

Qonağım olasız, ay mən kimilər,

Şeir bişirəcəm bu gün nahara.

 

Bədii sözün, poeziyanın belə dərin qatlarına birdən-birə, göz qırpımında çatmayıb Fərqanə xanım. Əvvəlcə həyatı, insanları öyrənib, ətrafında, dünyada baş verən hadisələri saf-çürük edib, ailə qayğısı, yurd ağrısı çəkib. Qarabağ dərdindən divanə olub az qala: “Mənim də sinəmə Qarabağ dağı çəkildi – sevgi şeirləri yazan vaxtımda. Tay-tuşlarım əsir düşdü, ürəkdən sevinə bilmədim… Həyatı dərk edəndən anamın qırmızı yaylığını, qırmızı donunu boğçasında gördüm. Anam rəhmətlik heç vaxt onu geyinə bilmədi. Anamın ürəyinə 1941-45-ci ilin qəlpələri dəydi”:

 

Bağrımın başında yara dağ kimi,

Dolanır boynuna qara bağ kimi.

Neynəsin, dərdi var Qarabağ kimi,

Qırmızı geyinə bilməyir anam.

Məni də geyməyə qoymayır anam.

 

Belə kövrək, duyğulu misralar, bəndlər, şeirlərlə zəngindir Fərqanə xanımın yaradıcılığı. Dörd kitab müəllifidir (“Çəkdiklərim mənə bəsdi”, “Deyirlər, şirindi dünya”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq…”), “Ulduz” jurnalında “Poeziya” şöbəsinə rəhbərlik edir, Prezident təqaüdçüsüdür…

Fərqanə xanımı daha yerli-yataqlı bizim “Həmsöhbət”ə qulaq asanda tanıyacaqsınız. Efir vaxtımızı xatırladırıq: 10 iyul saat 23.00

Verilişin müəllifi və aparıcısı Kamil Məhərrəmoğlu, rejissoru  Leyla Qarayevadır.

Dinləməyi unutmayın, əziz poeziyasevərlər!

CANLI YAYIM