“O kənd bizim kəndimizdir”

9 İyul, 16:54 Sosial mediada paylaşın:

Radioanons

Radio: 10 iyul saat 15.05

                    

Zaman-zaman itirdiyimiz yurd yerlərinin dərdi korun-korun yandırır bizi. Ürək daşdan deyil, axı – necə dözəsən doğma torpağının, ev-eşiyinin itkisinə?!

Belə ağrı-acılı notlar üzərində araya-ərsəyə gətirilən “O kənd bizim kəndimizdir” verilişinin növbəti sayı da qürbətdə qalmış ellərimizə qovuşmaq ümidi ilə çırpınan qəlbinizi riqqətə gətirəcək, əziz dinləyicilər. Amma gəlin razılaşaq ki, təkcə xiffət etmək, kövrəlmək... ağlamaqla iş bitmir. Qanımıza susamış erməni cəlladlarına tutarlı cavab verməyin yollarını axtarıb-tapmalı, əlimizi – qolumuzu yanımıza salıb oturmamalıyıq...

Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindəki cənnətməkan yerlərdən biri də Dərəçiçək mahalı idi. 1828-ci ildə o bölgədə mövcud olmuş kəndlərin adlarına diqqət edin bir: Çümüş, Dəllər, Zəncirli, Fərrux, Babakişi, Qorçulu,  Dədəqışlaq, Təkəli...

Harda qaldı, kimə qaldı bu yerlər, bu adlar?!

Verilişin müəllifi və aparıcısı Gülnarə Nemətova Dərəçiçəyin Axundov kəndi barədə məlumatlandıracaq sizi. Onun həmsöhbəti isə həmin kənddən olan ziyalı soydaşımız Ziyəddin Əliyev olacaq.

Dinləməyi unutmayın. Yaddan çıxarmayın ki, o kənd sizin də kəndinizdir...