Prezident Mərkəzi Bankın sədrinə bir neçə sual ünvanladı - Bank sektorundakı son vəziyyət

Prezident Mərkəzi Bankın sədrinə bir neçə sual ünvanladı - Bank sektorundakı son vəziyyət

14 Yanvar, 12:08 Sosial mediada paylaşın:

“Keçən il makroiqtisadi vəziyyət sabit olmuşdur, inflyasiya cəmi 2,6 faiz təşkil etmişdir. Baxmayaraq ki, çox böyük sosial paket icra edildi. Bu barədə mən dedim. Eyni zamanda, problemli kreditlərin qaytarılması üçün böyük vəsait təmin edildi. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədə qalmışdır. Makroiqtisadi vəziyyətin sabit qalması üçün bu il də əlavə tədbirlər görüləcək”.

Bu sözləri Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib. O, Mərkəzi Bankın 2019-cu il ərzində öz valyuta ehtiyatlarını artırdığını qeyd edib:

“Mənə verilən məlumata görə, 630 milyon dollar səviyyəsində vəsait daxil edilib. Bütövlükdə, Mərkəzi Bankın 6,2 milyard dollar səviyyəsində valyuta ehtiyatları var. Keçən il Mərkəzi Bankın funksiyaları genişləndirildi. Ümumiyyətcə, bu il inflyasiya hansı səviyyədə proqnozlaşdırılır, əlavə funksiyaların icrası nəticəsində bank sektorunda hansı dəyişikliklər nəzərdə tutulur? Bu barədə qısa məlumat verin”.

Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış edərək deyib:

“Möhtərəm cənab Prezident, Siz çıxışınızda qeyd etdiniz ki, ötən il bütövlükdə Azərbaycan xalqı üçün dövlət quruculuğu tariximizdə sabitlik, inkişaf, iqtisadi islahatlar və sosial rifahın artırılması ili kimi qalacaqdır. Təbii ki, makroiqtisadi sabitlik bu işlərdə olduqca fundamental rol oynayır. Mərkəzi Bankın mandatına görə, onun başlıca funksiyası iqtisadiyyatda qiymətlər sabitliyinin təmin olunmasıdır. Artıq Siz inflyasiya göstəricisini qeyd etdiniz, 2,6 faiz səviyyəsindədir. Bu, bütövlükdə MDB məkanında ən aşağı inflyasiya səviyyələrindən biridir və 2018-ci ildəki aşağı inflyasiya səviyyəsini də nəzərə alsaq, son iki ildə Azərbaycanda cəmi 2,1 faiz inflyasiya səviyyəsi qeyd olunmuşdur. Artıq qeyd edildiyi kimi, bu, olduqca mürəkkəb bir şəraitdə əldə edilmişdir - ötən il olduqca böyük həcmli sosial paket, kreditlərin restrukturizasiyası, o cümlədən mən xüsusi qeyd etmək istərdim, dünyada ərzağın qiymətlərinin 12 faiz bahalaşması fonunda. Bizim iqtisadiyyatımız çox əlaqəli bir iqtisadiyyatdır və belə bir fonda, pul kütləsi həcminin təxminən 24 faiz qalxdığı bir şəraitdə aşağı inflyasiyaya nail olunmuşdur. Aparılan sorğular göstərir ki, əhalinin inflyasiya gözləntiləri, yəni makroiqtisadi sabitlik, manatın məzənnəsinin sabitliyi fonunda olduqca stabil və əhalinin aşağı inflyasiya gözləntiləri var. Bu da gələcəkdə inflyasiyanın idarə olunması üçün çox mühüm amillərdən biridir.

Siz artıq tədiyə balansının başlıca göstəricilərini qeyd etdiniz. Cənab Prezident, valyuta ehtiyatlarımız bütövlükdə ümumi daxili məhsulun səviyyəsini ötüb keçmişdir. Siz Yeni il təbrikinizdə qeyd etdiyiniz kimi, valyuta ehtiyatlarımız xarici borcu 5 dəfədən çox üstələyir. Keçən il Mərkəzi Bank, Dövlət Neft Fondu və Maliyyə Nazirliyi öz ehtiyatlarını artırmışdır və gəlirlilik əhəmiyyətli olmuşdur. Təxminən toplam olaraq hər iki qurum birlikdə ehtiyatların idarə olunmasından 700 milyon dollardan yuxarı gəlir əldə etmişdir. Belə bir şəraitdə, yəni neftin qiymətinin keçən il həm “Azəri Layt”, həm “Brent” üzrə bir qədər aşağı düşməsinə baxmayaraq, 6 milyardlıq xarici ticarət profisiti və bütövlükdə xarici valyuta mənbələrinin bazara şaxələnməsi şəraitində, həm turizmdən, həm qeyri-neft sektorundan və digər sahələrdən təklifin olduğu bir şəraitdə manatın məzənnəsi sabit qalmışdır. Bütövlükdə isə təxminən bazardan Maliyyə Nazirliyi, xəzinədarlıq və Mərkəzi Bank 700 milyon dollardan yuxarı vəsaiti sterilizasiya etmək məcburiyyətində qaldı ki, manatın möhkəmlənməsinə təsir göstərməsin.

Keçən il pul siyasətinin yumşaldılması ilə də xarakterizə olub. Bu, hər iki istiqamətdə baş verib. 2018-ci və 2019-cu illərdə, yəni biz o yüksək inflyasiya illərində faiz dərəcəsini 15 faizə qaldırmışdıq, təxminən 2 dəfə aşağı salınıbdır və bu gün uçot dərəcəsi 7,5 faizdir. Ötən il biz 8 dəfə uçot dərəcəsini müzakirə edib, onun 7-də faiz dərəcələrini aşağı salmışıq. Bütövlükdə biz bu siyasətin ümumi faizlərə də təsirini görürük. Son iki ildə xüsusi olaraq biznes kreditləri üzrə faiz dərəcəsinin 5 faiz aşağı düşdüyünü görürük. Təxminən 16 faizdən 11 faizə düşüb. Digər istiqamətlərdə də faiz dərəcələrinin tədricən aşağı düşdüyünü görürük. Təbii ki, bunun səviyyəsi bizi hələ qane etmir və bu istiqamətdə işlər davam etdiriləcəkdir.

Mən artıq qeyd etdim, dövriyyədə olan pul kütləsinin həcmi 24 faizdən çox artmışdır, bu da pul siyasətini yumşaltma deməkdir və bütövlükdə banklara 2 milyard manatdan çox vəsait verilmişdir. Təbii ki, onlar da o vəsaitlərdən kreditlərin verilməsi üçün istifadə edə bilərlər. Cənab Prezident, bütövlükdə Azərbaycanda son 3 ildə aşağı inflyasiya, möhkəm və sabit məzənnə, çox aşağı və konservativ azalan xarici borc, möhkəm xarici mövqelərimiz ölkəmiz üçün əlverişli şərait yaradır. Mən onu qeyd etmək istəyirəm ki, bayaq Siz dediniz, Azərbaycanın xarici kreditor mövqeyi iki dəfədən yuxarıdır, yəni bizim xaricdə yerləşdirdiyimiz vəsaitlərin həcmi 100 milyard dollardan yuxarı olmaqla, öhdəliklərimizdən iki dəfə çoxdur. Bu, onu göstərir ki, Azərbaycanda möhkəm makroiqtisadi sabitlik və dayanıqlılığın əsasları yaradılmışdır və tədricən bu dayanıqlılıq və makroiqtisadi sabitlik iqtisadi artımda və iqtisadi inkişafda mühüm rol oynamağa başlayır. Bu, iqtisadi inkişafa transformasiya olunur.

Siz artıq qeyd etdiyiniz kimi, ötən il Mərkəzi Bankın mandatı bir qədər genişləndirildi. Bütövlükdə maliyyə sektorunda müsbət meyillər var, baxmayaraq ki, bir sıra həssaslıqlar qalıbdır. Biz kreditləşmənin artdığını görürük, ötən il kreditlər 16 faiz artmışdır, o cümlədən bütövlükdə biznes kreditləri. Yəni, təsərrüfat subyektlərinə verilən kreditlər 11 faiz artmışdır. İstehlak kreditləri, əhaliyə verilən kreditlər isə təxminən 20 faizdən bir qədər çox artmışdır və bütövlükdə bizim təbii ki, cari ildə görəcəyimiz əsas işlərdən biri iqtisadiyyatın, xüsusilə də kiçik müəssisələrin mikrokreditləşmə vasitəsilə aşağı, uzunmüddətli kreditlərə əlçatanlığının artırılmasıdır. Cari il yanvar ayının 10-da Mərkəzi Bank, Banklar Assosiasiyası və bütövlükdə biznes ictimaiyyəti ilə geniş görüş keçirildi. Bütövlükdə maliyyə sektoru ilə iş adamları arasında biznes sahəsində əlaqələrin formaları, burada olan mövcud problemlər müzakirə olundu, iş adamları bir sıra mühüm məsələlər qaldırdılar. Bu məsələlər sistemləşdirilir, Mərkəzi Bankın səlahiyyətində olan məsələlər tərəfimizdən həll olunacaqdır. Digər məsələlər isə müvafiq qurumlar, o cümlədən Nazirlər Kabinetinin müzakirəsinə təqdim ediləcəkdir.

Bütövlükdə əmanətlər də artıb. Manatla müddətli əmanətlər 27 faiz artmışdır. Bu, onu göstərir ki, sosial sahədə atdığınız addımlar nəinki əhalinin yüksək istehlak səviyyəsini təmin edir, həm də əhalinin yığımları da təmin olunur. Ödəniş sistemində başlıca məqsədimiz təbii ki, qeyri-nağd ödənişlərin səviyyəsinin artırılması, nağd ödənişlərin isə məhdudlaşdırılmasıdır. Keçən il milli ödəniş sistemi vasitəsilə ödənişlərin həcmi 10 faiz, sayı isə 41 faiz artmışdır. O cümlədən ödəniş kartlarının sayı 13 faiz və kart ödənişlərinin sayı 29 faiz, kartlar vasitəsilə qeyri-nağd ödənişlərin həcmi 57 faiz, elektron-bankinq, elektron ticarət üzrə ödənişlər isə 93 faiz yüksəlmişdir. Burada müsbət dinamika özünü göstərir. Bu, bir tərəfdən ötən il bu sahədə aparılan islahatların, bütövlükdə təbii ki, şəffaflaşdırmanın nəticələridir. Digər tərəfdən isə ödəniş sisteminin modernləşdirilməsi istiqamətində, - Sizin imzaladığınız nağd ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı reallaşdırılır, - tədbirlər öz nəticəsini verir. Amma burada görəcəyimiz işlər olduqca çoxdur. Hesab edirəm ki, cari ildə bu istiqamətdə həm Mərkəzi Bankın, həm də Azərbaycan hökumətinin qarşısında olduqca mühüm vəzifələr durur.

Cari ilin əsas vəzifəsi, cənab Prezident, başlıca olaraq təbii ki, yenə də inflyasiyadır. Siz bu məsələnin əhəmiyyətini qeyd etdiniz. Bu, həm əhalinin gəlirlərinin formalaşmasında, həm manatın alıcılıq qabiliyyətinin qorunmasında, həm əhalinin aktivlərinin, yığımlarının dəyərsizləşməsinin qarşısının alınmasında olduqca prinsipialdır. Cari ildə də hökumətin rəsmi baza proqnozu məlumdur. Düşünürük ki, Mərkəzi Bankın proqnozu dəyişmir, inflyasiyanın 4 faiz ətrafında sabitləşdirilməsi planlaşdırılır. Bu istiqamətdə hökumətlə birlikdə sıx koordinasiyada bütün işləri görəcəyik ki, bu inflyasiya səviyyəsinə nail olaq. Təbii ki, burada bir sıra amillər də var. Bu amillərdən ən başlıcası manatın sabitliyidir. Düşünürük ki, hökumətin rəsmi baza proqnozunda 55 dollarda belə tədiyə balansımız bu il də müsbət olacaqdır və valyuta ehtiyatlarını yığmağa imkan verəcəkdir. Ancaq biz ümid edirik ki, bütövlükdə bir tərəfdən neftin faktiki qiymətinin daha da yüksək olması və valyuta vəsaitlərinin, valyuta gəlirlərinin şaxələnməsi istiqamətində görülən tədbirlər imkan verəcəkdir ki, daha tarazlı valyuta bazarına malik olaq. Düşünürük ki, bu il də manatın məzənnəsinin sabitliyi qorunacaqdır.

Cənab Prezident, Siz sığorta haqqında dediniz, bu, olduqca mühümdür. Mərkəzi Bankın indiki mandatında da sığorta işinə nəzarət mühüm yer tutur. Burada, xüsusilə də əmlakın sığortalanması məsələsi önəmli rol oynayır. Siz çox düzgün prioritetlər müəyyənləşdirdiniz - maarifləndirmə, marketinq, əhali ilə iş. Hesab edirəm ki, hökumətlə birlikdə həm də yerli icra hakimiyyəti orqanları da bu işə fəal qoşulmalıdırlar. Çünki rayon yerlərində, kənd yerlərində hadisələr baş verir. Hesab edirəm ki, biz bu işi çox ciddi təşkil etməliyik. Bütövlükdə burada görülməli işlər həddindən artıq çoxdur.

Kapital bazarlarının inkişafı, cənab Prezident, olduqca xüsusi, böyük bir məsələdir. Azərbaycanda kapital bazarları inkişaf etməyib. Biz indi araşdırma aparırıq, görürük ki, birjada, listinqdə olan kampaniyaların çoxlarının heç bir əməliyyatları yoxdur. Biz İqtisadiyyat Nazirliyi, hökumətlə birlikdə baxmalıyıq ki, hansı çempionlar yarada bilərik, hansı müəssisələrimiz hazırdırlar ki, bu gün öz səhmləri, qiymətli kağızları ilə Azərbaycanın qiymətli kağızlar bazarına çıxsın və buradan vəsaitləri cəlb etsinlər.

Ödəniş sistemi haqqında artıq dedim, çox mühüm prioritetlərimiz var, çalışacağıq ki, bütövlükdə 2020-ci il bu istiqamətdə dönüş illərindən biri olsun. Təşəkkür edirəm”.

Prezident İlham Əliyev: “Dollarlaşma ilə bağlı vəziyyət necədir? Çünki bir neçə il bundan əvvəl haradasa dollarda qoyulan əmanətlərin həcmi 80 faizi ötürdü. İndi vəziyyət necədir?”

Elman Rüstəmov: “Cənab Prezident, dollarlaşma azalmaqda davam edir, bu, daha çox əmanətlərdə hiss olunur”.

Prezident İlham Əliyev: “Bəli, əmanətlərdə”.

Elman Rüstəmov: “Bilirsiniz ki, əmanətlərdə faiz dərəcələri daha yüksəkdir. Biz görürük ki, kreditlərdə təxminən 3 faizə qədər, əmanətlərdə daha çox, 6 faizə qədər dollarlaşma səviyyəsi aşağı düşüb”.

Prezident İlham Əliyev: “Faiz nisbəti nə qədərdir?”

Elman Rüstəmov: “Kreditlərin dollarlaşması 38 faizdən 35 faizə düşüb, fiziki şəxslərin əmanətlərində isə 62 faizdən 54 faizə enib. Təxminən 12 faizə qədər düşüb”.

Prezident İlham Əliyev: “Uçot dərəcəsi də iki dəfə aşağı düşüb.

Elman Rüstəmov: “Son iki ildə”.

Prezident İlham Əliyev: “Bəli, bu il də yəqin ki, bu meyil davam etdiriləcək”.

Elman Rüstəmov: “Təbii ki, cənab Prezident, inflyasiya səviyyəsindən, inflyasiya proqnozunun yerinə yetirilməsindən asılı olaraq yumşaltma prosesi davam etdirilə bilər”.

Prezident İlham Əliyev: “Bu da iqtisadiyyatın sağlamlaşdırılması deməkdir. Yəni, əsas indikatorlardan biridir”.

Elman Rüstəmov: “İqtisadiyyatın sağlamlaşdırılmasını, kreditlərin ucuzlaşmasını özündə əks etdirəcək”.

Prezident İlham Əliyev: “İndi siz deyirsiniz ki, banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. Bu da çox təhlükəli tendensiya ola bilər. Ona görə biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin. Ona görə biznes kreditlərinin verilməsində baxın, hansı mexanizm olmalıdır ki, banklar da bunda maraqlı olsunlar. Həm də ki, Mərkəzi Bank da buna nəzarət etsin. Yoxsa, biz bunu başlı-başına buraxa bilmərik. Əlbəttə, bəzi banklar üçün istehlak kreditləri daha da asandır, daha əlverişlidir. Ancaq ölkə iqtisadiyyatı üçün biznes kreditləri üstünlük təşkil edir. Ona görə İqtisadiyyat Nazirliyi ilə birlikdə bu məsələləri müzakirə edin. İndi İqtisadiyyat Nazirliyinin, Sahibkarlara Kömək Fondunun xətti ilə təqribən 170 milyon manat güzəştli kreditlər nəzərdə tutulur. Uçot dərəcəsi düşdükdə artıq özəl banklar tərəfindən verilən kreditlərin də faiz dərəcəsi güzəştli kreditlərin səviyyəsinə yaxınlaşacaqdır. Ona görə burada uzlaşma olmalıdır. Bank sektoru böyük bir alətdir, yəni iqtisadiyyatın real sektoruna dəstək verməlidir. Bank sektorundan heç bir sürpriz olmamalıdır. Bu il onların fəaliyyətinə, kreditlərin verilməsinə çox güclü nəzarət olmalıdır. O cümlədən şübhəli kreditlərin verilməsi ilə bağlı mexanizm olmalıdır ki, biz artıq hadisə baş verəndən sonra yox, bəri başdan bunun qarşısını ala bilək. Bank sektorunun məsuliyyəti də artıbdır, çünki biz bütün əmanətlərin sığortalanmasını davam etdirmişik. Bu da dünya miqyasında nadir hadisələrdən biridir. Biz bunu bir neçə il bundan əvvəl ona görə etdik ki, etimadı artıraq. Hazırda bank sektoruna etimad hesab edirəm ki, yüksək səviyyədədir. Manatın məzənnəsi 3 ildən çoxdur ki, sabitdir, iqtisadiyyat möhkəmlənir, tədiyə balansının saldosu 6 milyard dollardır. Yəni, heç bir təhlükə yoxdur. Ona görə əmanətlərin dövlət tərəfindən tam sığortalanması çox böyük addımdır və bu, bank sektorunun məsuliyyətini artırır. Nəzarət elə olmalıdır ki, sürpriz olmasın və Mərkəzi Banka verilmiş yeni səlahiyyətlər hesab edirəm ki, bu məsələnin həllinə köməklik göstərə bilər”.

Elman Rüstəmov: “Bunları edəcəyik, cənab Prezident”.

CANLI YAYIM