“Təngə dərəsi”ndə yol genişləndirilir - Turizmin inkişafına təkan

14 Yanvar, 11:02 Sosial mediada paylaşın:

Quba-Qonaqkənd avtomobil yolunun Təngəaltı kəndi ərazisində, sıldırım qayalıqlar arasından keçən hissəsinin genişləndirilməsi üçün 150 metr uzunluğunda dəmir-beton konstruksiyalı bənd qurulur.

“Təngə dərəsi” kimi tanınan ərazidə, Vəlvələçayın kənarında qurulan bəndin hündürlüyü 12 metr olacaq. Yolun yenidən qurulması 68 min əhalinin rahat gediş-gəlişini təmin etməklə bərabər, həm də Qubada turizmin inkişafına təkan verəcək.

Hazırda işlər Quba-Qonaqkənd yolunun 29-30-cu kilometrlik hissəsini əhatə edir. Çayda bənd vurulması və qayaların çapılması hesabına yolun hərəkət hissəsinin 4-5 metrdən 7-12 metrə kimi genişləndirilməsi nəzərdə tutulur.

Yolun genişləndirilməsi işləri yekunlaşandan sonra əraziyə asfalt döşənəcək.

Bundan başqa, Vəlvələçayın üzərində təbiəti seyr etmək üçün xüsusi səkilərin inşası da planlaşdırılb. Tikinti işlərinin yay aylarında yekunlaşdırılması nəzərdə tutulub.