Yeni layihəyə start verildi: “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında

Yeni layihəyə start verildi: “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında

11 Yanvar, 12:02 Sosial mediada paylaşın:

Gənclər üçün “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsinə start verilib. Layihənin ilk mərhələsi Xızı rayon Heydər Əliyev Mərkəzində keçirilib.

AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Xızı Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə reallaşır.

Xızı rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun İsgəndərov layihənin əhəmiyyətindən, ermənilərin doğma yurdumuza qarşı məkrli işğal siyasətindən, törədilən vəhşiliklərdən danışıb, dünya ictimaiyyətinin bu hadisələrə biganə qalmaması üçün gənclərin maarifləndirməsinin və təbliğat işinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd olunub ki, Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı düşmən tapdağından azad etməyə qadirdir.

Layihə rəhbəri Əli Miriyev çıxışında layihənin məqsədinin Qarabağ ərazisində olan və münaqişə zamanı məhv olmuş maddi və mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında məlumatları gənclər arasında yaymaq və informasiya texnologiyaları vasitələrindən səmərəli istifadə edərək dünya ictimaiyyətinə çatdırmaq olduğunu qeyd edib.

Bildirilib ki, bu istiqamətdə ən gözəl nümunə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət" təbliğat-təşviqat kampaniyasıdır.

Sonra erməni işğalı nəticəsində məhv edilmiş və saxtalaşdırılmış mədəni irsimiz haqqında elektron təqdimat edilib, məlumatların paylaşılması, göndərilməsi məqsədilə müvafiq həştaq və beynəlxalq təşkilatların elektron ünvanları iştirakçılara çatdırılıb, maarifləndirici bukletlər paylanılıb.

CANLI YAYIM