Neftçala Sənaye Məhəlləsində ötən il 30 milyon manatlıq məhsul istehsal edilib

Neftçala Sənaye Məhəlləsində ötən il 30 milyon manatlıq məhsul istehsal edilib

10 Yanvar, 17:44 Sosial mediada paylaşın:

Azərbaycanın qeyri-neft məhsulları ixracatında kənd təsərrüfatı məhsullarının çəkisi böyükdür. Bu məhsullar xüsusi taralarda, plastik yeşiklərdə daşınır. Qablaşdırmada istifadə edilən materiallar isə ölkəmizdə də istehsal olunur.

Plastik məmulatların o cümlədən, kənd təsərrüfatı təyinatlı taraların istehsalı Neftçala Sənaye Məhəlləsində həyata keçirilir. İnvestisiya məbləği 1,4 mln manat olan istehsal müəssisəsinin illik istehsal gücü 2 mln. ədəd taradır. Bu taralar kənd təsərrüfatı məhsullarının ixracı zamanı olduqca praktikdir.

Sahə rəisi Elmir Quliyevin sözlərinə görə, taralardan süd məhsullarının qablaşdırılması üçün də istifadə olunur: “Plastik taralar kənd təsərrüfatı məhsullarının yığılması, saxlanılması, daşınması, kənd təsərrüfatı məhsullarından əlavə digər sənaye məhsullarının, toyuq broylerlərinin saxlanılması, daşınması üçündür. Süd məhsullarının qablaşdırılması üçün də istifadə olunur”.

Xurma tarasının 1 ədədi təxminən 650 qram, məhsul tutumu isə 8-10 kiloqrama yaxındır. Bu qablaşdırmada meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsulları Azərbaycandan ixrac olunur. Bu, həm daşınma prosesini təmiz, səliqəli həm də taxta yeşiklərlə müqayisədə yüngül edir.

İstehsal müəssisəsində hər gün 2400-2500 ədəd plastik tara istehsal olunur. Bu istehsal müəssisəsi ona görə önəmlidir ki, burada təkrar emal həyata keçirilir.

İstehsal müəssisəsini xammalla Balaxanı Bərk Məişət Tullantıllarının Çeşidlənməsi Zavodu təmin edir. Müəssisəyə əlavə dövlət dəstəyi kimi Sahibkarlığın İnkişafı Fondunun güzəştli krediti və İnvestisiya Təşviqi Sənədi verilib. Bu isə rezident - sahibkarın təqribən 33 min manat qənaət etməsi deməkdir.

2019-cu ildə ümumi sənaye məhəlləsi üzrə 30 milyon manatlıq məhsul istehsal edilib. Bu, 2018-ci illə müqayisədə nə az, nə çox - 2 dəfə böyük rəqəmdir. İstehsal olunan məhsulların bir qismi “Made In Azerbaijan” brendi altında ixrac olunub. Hazırda Neftçala Sənaye Məhəlləsinin rezidentlərinin istehsal prosesinin artırılması ilə əlaqədar edilən müraciətləri nəzərə alınaraq ərazinin genişləndirilməsi nəzərdə tutulur.

Ayşəm Rüstəmova

CANLI YAYIM