Maaşını kartla alsa da, ödənişləri nağd edir... - Əhali plastik kartlardan niyə istifadə etmir?

Maaşını kartla alsa da, ödənişləri nağd edir... - Əhali plastik kartlardan niyə istifadə etmir?

10 Yanvar, 17:04 Sosial mediada paylaşın:

Kredit kartları ilə əməliyyatların həcmində azalma qeydə alınıb. Belə ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində dövriyyədə olan kredit kartları ilə 1 milyard 426 milyon manat həcmində əməliyyat həyata keçirilib. Bu isə əvvəlki ilin göstəriciləri ilə müqayisədə 20 faiz azdır.

2019-cu il dekabrın 1-nə olan məlumata görə, dövriyyədə 751 min plastik kart var. Ancaq ötən il bu kartlarla aparılan əməliyyatların həcmində azalma qeydə alınıb.

Maraqlıdır, əslində bir çox üstünlüklərə malik plastik kartlardan istifadədə əhali nə üçün marqlı deyil?

Rəqəmsal ödənişlərin genişləndirilməsi strateji inkişaf istiqamətlərindən biri kimi müəyyən olunsa da, rəqəmlər yüksək deyil. Vətəndaşların fikirlərindən də aydın olur ki, əksəriyyət plastik kartlardan ancaq pul nağdlaşdırmaq üçün istifadə edir. Halbuki elə həmin kart vasitəsilə də bütün ödənişləri etmək mümkündür. Ekspertlərin fikrincə, insanlar, xüsusilə yaşlı nəslin nümayəndələri arasında ənənəvi ödəniş üsulundan müasirə keçid vərdişlərinin aşılanması üçün ciddi marifləndirmə işlərinin aparılmasına ehtiyac var.

Onu da qeyd edək ki, son illər nağdsız hesablaşmaların dövriyyəsinin artırılması ölkə başçısının da diqqət mərkəzindədir. Bir çox ticarət obyektləri sitimullaşdırıcı təkliflərlə çıxış etsələr də, ekspertlər daha sistemli tədbirlərin görülməsinə ehtiyac olduğunu deyirlər. Xüsusilə bank sektoru fəallıq nümayiş etdirməlidir. Çünki nağdsız hesablaşmaların dövriyəsinin artması dövlət büdcəsinə daxilolmaların da artmasına səbəb olur. Vətəndaşlar isə plastik kartla xərclərə daha asan nəzarət etmək imkanı qazanırlar.

Bundan əlavə, plastik kartdan istifadə cibdə nağd pul gəzdirməkdən daha təhlükəsizdir.

Plastik kartlardan istifadəni sitimullaşdırmaq məqsədilə qanunvericiliyə olunan dəyişikliyə görə, yanvarın 1-dən pos-terminallardan istifadə etməyən sahibkarlara cərimələrin tətbiqi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Avropada İsveç nağdsız cəmiyyətə doğru keçiddə pioner hesab edilir. Bu ölkədə nağd ödənişlərin həcmi 2 faizdən azdır. Danimarka, Norveç və İslandiyada da oxşar vəziyyət müşahidə edilir.

Sədaqət Süleyman

CANLI YAYIM