Bu il 7 mindən çox məcburi köçkün ailəsinin öz mənzili olacaq

10 Yanvar, 16:30 Sosial mediada paylaşın:

Bu il 7 mindən çox məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək. Ötən il istifadəyə verilən Qobu Park-2 yaşayış kompleksinə bu qəbildən olan ailələrin köçürülməsi isə tam yekunlaşıb. 1300 ailə yeni ili öz evlərində keçirib. Bu il ərzində isə Qobu Park-3 yaşayış kompleksinin istifadəyə verilməsi planlaşdırılır.

Ümumilikdə 1993-2019-ci illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 4 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik, həyətyanı sahəsi olan fərdi evlərdən, çoxmərtəbəli binalardan ibarət 110 müasir qəsəbə və yaşayış kompleksi salınıb. Bunun dа 311,2 min kvadratmetri ümumi yaşayış sahəsinə malik 8 yaşayış kompleksi və 1 binadan ibarət yaşayış məntəqəsi 2019-cu ildə istifadəyə verilib. Onlardan biri də Qobu Park-2 yaşayış kompleksidir. Bura, əsasən, paytaxtın müxtəlif ərazilərində ağır şəraitdə məskunlaşan məcburi köçkün ailələri köçürülüb.

Məcburi köçkünlərin sosial problemlərinin həllinə indiyədək ümumilikdə 7,7 milyard manata yaxın vəsait sərf edilib. Bunun da təxminən 3,8 milyard manatı dövlət büdcəsinin, 2,5 milyard manatı Dövlət Neft Fondunun və 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının, eləcə də ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar və digər təşkilatların payına düşür. Bu vəsaitin 87%-ni təşkil edən 6,7 milyard manata yaxın hissəsi son 16 ildə istifadə olunub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Ximdətinin Rəhbəri İbrahim Mirzəyevin sözlərinə görə, Ağcabədi rayonu, Taxta körpü qəsəbəsi ərazisində inşa edilən 645 fərdi yaşayış evinə, 3 məcburi köçkün qəsəbəsinə, Füzuli rayonu ərazisində inşası davam edən 95 fərdi yaşayış evlərindən ibarət yeni qəsəbəyə bu ilin 1-ci rübü ərzində məcburi köçkünlərin köçürülməsinə başlanılacaq. 2020-ci ildə yeni yaşayış kompleksləri, əsasən, Bakı və Sumqayıt şəhərləri olmaqla, bölgələri də əhatə edəcək.

Tural Qurbanov