Müasir dövrün yeni bəlalarından biri də kompüter, telefon, internet asılılığıdır. Dünyanın ən inkişaf etmiş ölkələrində bu problem psixoloji xəstəlik statusu alıb və sözügedən xəstəliyi aradan qaldırmaq üçün xüsusi müalicə dispanserləri fəaliyyət göstərir.
Bəs Azərbaycanda bununla bağlı vəziyyət nə yerdədir? Yeniyetmələrin internet asılılığı zamanı valideynlər nələrə diqqət yetirməlidir?
Xarici ölkələrdən fərqli olaraq bizim cəmiyyətimizdə xəstəlik deyərkən əksər vaxt tibbi, fizioloji, bioloji problem nəzərdə tutulduğundan internet, sosial şəbəkələr, onlayn oyunlar daha çox psixoloji asılılıq hesab olunur. Söhbət neqativ vərdişdən gedir.
Təhsil məsələləri üzrə mütəxəssis Qoşqar Məhərrəmov deyir ki, dünyanın bütün ölkələrində və bütün yaş səviyyələrində internet asılılığı ciddi bir problem halına gəlib: “İnternet asılılığı insanların fəaliyyətlərinə, ailə münasibətlərinə, akademik uğurlarına təsir edir. Xaricdə “screen time”, yəni ekran saatları deyilən vaxt var. Uşaqlar müəyyən müddətdə və valideynin nəzarəti altında kompüterlə məşğul olur”.
Kompüter, internet, telefon asılılığına düşən insanların maraq çərçivəsi dəyişir, darlaşır. Onların əsas vərdişləri kompüter olur və gündəlik fəaliyyətində birinci yeri tutur. Təəssüf ki, simptomlar çoxumuza tanışdır. Burada söhbət təkcə kompüter oyunlarından deyil, həm də sosial şəbəkələrdən, hansısa elektron vasitədən asılılıqdan gedir. Xüsusilə də yeniyetmə və gənclər daha çox kompüter asılılığına məruz qalırlar.
Şəhər sakinləri arasında keçirdiyimiz sorğunun nəticəsində də aydın olur ki, yeniyetmələr təhlükənin fərqindədir, məlumatlıdır. Bəs valideynlər necə? Təcrübə göstərir ki, yeniyetmələrin internet asılılığı daha çox valideynlərin məlumatsızlığından irəli gəlir. Uşaqların sosial şəbəkələr, onlayn oyunlar, internet, smartfon və digər vasitələrlə keçirdiyi müddət neqativ vərdişin yaranmasında xüsusi rol oynayır. Yəni problem internetdə olmaq, sosial şəbəkədən istifadə etmək, onlayn oyunlarla əylənmək deyil, burada nə qədər vaxt keçirməkdir. Söhbət tam qadağadan yox, saatlardan gedir.
İnternetdə çox vaxt keçirmək azhərəkətlilik deməkdir, bu isə hipodinamiyanı artırır, insanların görmə qabiliyyətinə, beyninə, nevrotik sistemə, sinir sisteminin tarazılığına müəyyən neqativ təsirlər göstərir. Neqativdən uzaq durmaq üçün internetlə yaxınlığa diqqət yetirmək vacibdir.
Ayşəm Rüstəmova