Şəmkirin gəzməli-görməli 5 məkanı - Alman izi, Altay maralları...

Şəmkirin gəzməli-görməli 5 məkanı - Alman izi, Altay maralları...

8 Yanvar, 12:14 Sosial mediada paylaşın:

Almanlar ona Annenfeld və ya Annino deyirdilər. Bizim üçünsə, o, sadəcə Şəmkirdir. Bir az nar, bir az üzüm və şərab, bir az Almaniya, bir az da tarix qoxan yurd yerimiz. Burada gəzib görə biləcəyimiz çox yer var. Turistləri, əsasən də əcnəbi səyahətsevərləri rayonda qorunan alman irsi maraqlandırır.

Şəmkirdəki Lüteran kilsəsini Bakıdakı kirxa ilə nə bağlayır?

Hər iki kilsə orta əsrlər Almaniyasının əyalətlərindəki dini tikililəri xatırladır. Təmtəraqlı Katolik kilsəsindən fərqli olaraq, kifayət qədər hündür divarları olan Protestant kilsəsi şəkilsiz və ikonasızdır. Onu 1909-cu ildə lüteranların dini ibadətlərini həyata keçirməsi üçün tikiblər. İkinci Dünya Müharibəsi başlayanadək təyinatı üzrə istifadə edilib. İndi isə digər alman yadigarları kimi qorunur.

Şəmkirdə alman yadigarı olan park da var. Hazırda böyük ədib Xəqani Şirvaninin adını daşıyır.

Bir vaxtlar bu park bura pənah gətirən insanların ən çox üz tutduğu məkan olub: İkinci Dünya Müharibəsi başlayana kimi. Çünki müharibə zamanı almanlar Mikoyanın təşəbbüsü və Stalinin göstərişi ilə Qazaxıstan çöllərinə sürgün edilir. Bundan sonra isə Azərbaycanda alman koloniyalarının 122 illik tarixi başa çatır. Amma qoyub getdikləri mədəniyyət abidələri kimi bu park da daim onları xatırladır.

Şəmkiri keçmişlə gələcəyin qovuşduğu yer də hesab etmək olar. Şəhər əvvəlki simasını qorumaqla yanaşı, həm də müasirləşir. Yeni arxitektura nümunələri ona daha da yaraşıq verir. Onlardan biri Heydər Əliyev Mərkəzidir. Məhz burada ümumilli liderin həyatından bəhs edən maraqlı muzey fəaliyyət göstərir.

Muzeyin bir bölümündə ümumilli liderin müxtəlif dövrlərdə çalışdığı otaqlar nümayiş olunur.

Şəmkirdə turistlərin ən çox üz tutduğu yerlərdən biri də Abidələr parkıdır. Parkı digərlərindən fərqləndirən xüsusiyyət var: burada Azərbaycan ərazisindəki qədim abidələri görmək mümkündür. 

Şəmkirdən 45 dəqiqəlik məsafədə isə “Maral bağı” yerləşir. Altay maralları buraya 4 il əvvəl gətirilib. Burada 60 baş maral qorunur və yay aylarında turistlər sırf bu canlıları görmək, onlara tamaşa etmək üçün Çənlibelə gəlir.

Günel Habilqızı

CANLI YAYIM