Poeziya vurğunu, şairlərin dostu

Poeziya vurğunu, şairlərin dostu

8 İyul, 16:15 Sosial mediada paylaşın:

RADİOANONS

 

O, şeirlə nəfəs alır, şeirlə yatıb - durur desək, zərrəcə yanılmarıq.  Azərbaycan poeziyası, Azərbaycan şairləri onun ömür yolunun ayrılmaz yoldaşları, könül dostlarıdır. Səhərlər isə catan kimi masasının siyirməsini çəkib “dünəndən gözaltı etdiyi”  şeir kitabını çıxarır və… Axşamlar işdən evə qayıdıb öz otağına gircək çox sevdiyi şairlərdən  birinin  kitabını götürür və yorğunluğunu şeir oxumaqla çıxarmağa başlayir. 

Bu həyatda çox insanlarla ünsiyyətdə olub, duz-çörək kəsib. Amma ən çox etibar etdiyi, özünə yaxın dost, sirdaş  bildiyi  adamlar şairlərdir. Klassiklərimizdən tutmuş bugünkü müasirlərədək hamısının  şəxsiyyətinə, yaradıcılığına yaxşı bələddir. Neçə-neçə şairin , neçə-neçə şeirin  onun yaddaşında öz tarixçəsi, öz səsi – nəfəsi var...  

Söhbət tanınmış yazar, gözəl publisist Ramiz Göyüşovdan gedir. Onun  yüksək poetik zövqə, dərin elmi təhlilə və  düşüncəyə söykənən araşdırma yazıları, ədəbi qeydləri şairlərimiz, ən tələbkar tənqidçilərimiz tərəfindən belə razılıqla qarşılanır. Ramiz müəllim haqqında söz açdığı hər bir müəllifə  tam obyektivlik müstəvisində, səmimiyyətlə yanaşır, hər şeirə, hər misraya  zərgər  dəqiqliyi ilə dəyər verməyə can atır. Məhz bu keyfiyyətlərini nəzərə alaraq şairlərimiz özləri yeni işıq görmaş kitablarını ona göndərir, fikir və mülahizələrini səbirsizliklə gözləyirlər.

Əziz dinləyicilər, iyulun 9-da saat 15.05-də  radiomuzun efirində canlı olaraq yayımlanacaq “Sözdən söz” verilişinin  qonağı tanınmış söz adamı, bir neçə publisistik kitabın müəllifi  Ramiz  Göyüşov olacaq. Onu da əlavə edək ki,  Ramiz müəllim həm də fəal ictimai xadimdir – Yeni Azərbaycan Partiyası Binəqədi rayon  təşkilatının sədridir.

Verilişin müəllifi və aparıcısı Mahəddin Əsgərdir.

CANLI YAYIM