Azərbaycanda ilk: “Ağıllı bağ” yaradılır - Telefonla suvarılacaq və gübrələnəcək

Azərbaycanda ilk: “Ağıllı bağ” yaradılır - Telefonla suvarılacaq və gübrələnəcək

7 Yanvar, 15:52 Sosial mediada paylaşın:

Qubada Azərbaycanda ilk dəfə “Ağıllı bağ” sistemi yaradılır. Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun həyata keçirdiyi “Ağıllı bağ” layihəsi çərçivəsində meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılıb.

İnstitutun 15-hektarlıq ərazisində məhsuldarlığı daha da artırmaq üçün innovativ üsullardan istifadə olunacaq. Bağda alma, armud, heyva, şaftalı və gilas olmaqla müxtəlif növ meyvə ağacları becəriləcək. Burada avtomatlaşdırılmış torpaqaltı suvarma və gübrələmə sistemləri quraşdırılıb.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Sevil Süleymanova bu sistemin həm suya, həm də gübrəyə qənaət edəcəyini deyir: “Suvarma prosesi də daha effektiv olacaq, çünki birbaşa bitkinin kökünə təsir edəcək”.

Aqrotexniki qulluq işləri telefon və ya kompüter vasitəsilə uzaqdan idarə olunacaq. Yeniliklərdən biri də odur ki, su mənbəyi üçün qazılan subartezian quyusu günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışacaq.

Rayon fermerləri də daha yüksək məhsuldarlıq əldə etmək üçün öz təsərrüfat sahələrində “Ağıllı bağ”ı sınaqdan keçirmək fikrindədirlər.

“Ağıllı bağ”ın tam formalaşdırılmasının yanvar ayının sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

CANLI YAYIM