Cənubi Qafqazda ixtisaslaşmış ilk balıq yemi zavodu Azərbaycanda yerləşir

Cənubi Qafqazda ixtisaslaşmış ilk balıq yemi zavodu Azərbaycanda yerləşir

4 Yanvar, 14:01 Sosial mediada paylaşın:

Kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun inkişafı və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması Azərbaycanda Sənaye Məhəllələrinin yaradılmasının əsas məqsədləridir. Təkcə Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən zavodların fəaliyyətinə nəzər salmaq kifayətdir ki, bu sahədə görülən işlərin əhəmiyyəti aydın olsun. Neftçala Yem İstehsalı Zavodunda istehsal olunan məhsullar daxili tələbatı ödəməklə yanaşı, xaricə də ixrac edilir.

Zavodda ölkənin daxili tələbatını ödəyən, dünya standartlarına uyğun keyfiyyətdə balıqçılıq, quşçuluq və heyvandarlıq üzrə yemlər istehsal edilir. İstehsal müəssisəsi Cənubi Qafqazda ixtisaslaşmış ilk balıq yemi zavodudur.

Zavodun icraçı direktoru Mehman Hacıyevin sözlərinə görə, burada nərəkimilərə, çəkikimilərə yemi istehsal edilir: “Biz istehsala başlamamışdan əvvəl bütün balıqçılıq təsərrüfatları hamısı yemi xaricdən alırdılar. Amma bizim istehsaldan sonra onlar indi bizdən mal alırlar”.

Gələcəkdə Neftçala Yem İstehsalı Zavodunun 10 min tonluq anbar-elevator kompleksinin tikilməsi nəzərdə tutulur. Bununla da fermerlərdən arpa, buğda, qarğıdalı kimi yem xammalı mövsüm ərzində ucuz qiymətə alınacaq. Perspektivdə isə zavod özü kənd təsərrüfatı torpaqlarının becərilməsi ilə məşğul olub yüksək keyfiyyətli xammal - qarğıdalı və buğda istehsalını həyata keçirəcək.

Neftçala Yem İstehsalı Zavodunun istehsal gücü saatda 15 tondur. Onun 5 tonunu balıq yemi təşkil edir. İstehsal həcminin böyüklüyünə və keyfiyyətin yüksəkliyinə görə bu zavod Cənubi Qafqazda ən böyük və yeganə balıq yemi istehsalçısı hesab olunur. İstehsal olunan məhsulların həcmi çox olduğu üçün daxildə tələbatı tam ödəyir. Bundan başqa xaricə ixrac olunur.

Azərbaycan Türkmənistan və Özbəkistana bu ölkələrin bazarının tələblərinə uyğun toyuq yemi ixrac edir. Yeni ixrac bazarları kimi İran və İraqla danışıqlar aparılır. İlin ilk aylarından bu ölkələrə real satış həyata keçiriləcək.

Hazırda zavodda işləyənlərin sayı 20 nəfərdən çoxdur. Anbar kompleksi işə düşdükdən sonra onların sayı 50-yə çatacaq. Zavoda  əlavə dövlət dəstəyi kimi Sahibkarlığın İnkişafı Fondunun güzəştli krediti və İnvestisiya Təşviqi Sənədi verilib. Bu da təqribən 1,2 mln. manat qənaət deməkdir. 

Layihə Azərbaycanda ekstruziya texnologiyası ilə işləyən ilk yem istehsalı zavodudur. Ekstruziya olunmuş balıq yemi adi pelet yemi ilə müqayisədə böyük üstünlüklərə malikdir. Buna görə də əmtəə balıqçılığı sahəsində zavodun istehsal etdiyi məhsulun alternativi yoxdur. Burada bütün növ balıqlar üçün yem istehsal etmək imkanı var. Ən maraqlısı isə odur ki, ölkənin cənub-şərq bölgəsində iribuynuzlu və quş yeminə olan təlabat cəmi 250 km məsafədə yerləşən istehsal müəssisəsi tərəfindən ödənilir. Bu həm pula, həm də puldan dəyərli vaxta qənaət deməkdir.

Ayşəm Rüstəmova

CANLI YAYIM