Televiziya və Radio Akademiyasının təhsil sistemi və həyata keçirilən layihələr - Məzunlarımız haradadırlar?

Televiziya və Radio Akademiyasının təhsil sistemi və həyata keçirilən layihələr - Məzunlarımız haradadırlar?

30 Dekabr, 15:32 Sosial mediada paylaşın:

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində fəaliyyət göstərən Televiziya və Radio Akademiyasının II tədris ilinin dinləyicilərinin buraxılış mərasimi keçirilib, müdavimlərinə sertifikatlar təqdim olunub.

Prorektor Sevinc Məmmədova Akademiyanın fəaliyyəti ilə bağlı geniş məqalə yazıb. Məqalədə Akademiyanın təhsil sistemi, burada həyata keçirilən layihələr və məzunların taleyi ilə bağlı məlumatlar yer alıb.

Həmin məqaləni təqdim edirik:

“Müasir dövrdə televiziya və radio sahəsində yaxşı mütəxəssis olmaq üçün maraq, istək və bacarıq vacib şərtdir. TV və radio jurnalistinin işi məlumat əldə etmək, faktları dəqiqləşdirib təhlilini vermək və materialı hazırlamaqdan ibarətdir. Burada erudisiya, əzmkarlıq, analitik təfəkkür, məntiqə böyük ehtiyac var. Teleradio Akademiyasının təhsil sistemi də bu tələblərə əsaslanır. Teleradio Akademiyasında tədris prosesi - təhsildə düşüncə və təfəkkürü, təcrübədə texniki və texnoloji vərdişləri, təşkilati məsələlərin mənimsənməsi prinsiplərini birləşdirən bir sistemdir. Ənənəvi tədrisdən fərqli olaraq burada əsas diqqət təcrübi bacarıqların əldə edilməsinə yönəldilib. Həqiqətən, təcrübə iş prosesinin tam konsepsiyasını verir, mənimsənən bilik bazasını gücləndirir və inkişaf etdirir.

Akademiyada tədris kiçik qruplarda keçirilir və diskussiya formasında aparılır. Bu da hər dinləyiciyə fərdi yanaşma imkanı verir. Hər ixtisas kursunda xüsusi proqram əsasında təlimlər keçilir. Tədris zamanı müdavimlərə müasir televiziya və radio yayımının tələbləri, özəllikləri haqqında məlumat verilir, televiziyada görüntü ilə, radionun isə səslə işləmək vərdişləri aşılanır.

Televiziya və radio əməkdaşları üçün auditoriyanı cəlb etmək, fikirləri ətrafdakılara çatdırmaq üçün gözəl və düzgün nitqə malik olmaq mütləqdir. Akademiyada dərs deyən professional teleradio işçiləri auditoriya ilə ünsiyyət qurmağı, mətnləri səsləndirməyin qaydalarını əyani şəkildə gösrərirlər.

Akademiyanın tədris studiyasında dinləyicilərə professional texniki avadanlıqla işləməyi öyrədirlər. Bütün ixtisas qruplarının iştirakı ilə tədris studiyasında və studiyadan kənar sınaq çəkilişləri aparılır, prosesin incəlikləri təhlil olunur. Reportaj, müsahibə, informativ süjetlərin əsas məqamlarına diqqət edilir. Belə çəkilişlərdə hər bir dinləyici özünü aparıcı, müxbir, rejissor və yaxud operator kimi göstərə bilir.

Nəzəriyyə kursu bitdikdə dinləyicilər Azərbaycan Televiziyası və Radiosu, “İdman” və “Mədəniyyət” kanallarında təcrübələr keçiblər.

Təcrübəçilər xəbər departamentinin və ayrı-ayrı redaksiyaların iş prinsipləri ilə tanış olur, TV və radio xəbər yayımının özəlliklərini öyrənirlər. Bu müddətdə onlar artıq televiziyanın müxbirləri ilə birgə çəkiliş məkanlarına gedir, müstəqil şəkildə müxtəlif mövzulu süjetlər hazırlayılar.

Nəticələr bir daha göstərir ki, yaradıcı və texniki bacarıqları peşəkarlarla öyrənmək daha məqsədəuyğundur.

Aydındır ki, fikir mübadiləsi olmadan hansısa inkişafdan danışmaq çətindir. Bu məqsədlə Akademiyada tez-tez tanınmış insanlarla, ictimai xadimlərlə görüşlər keçirilir, müxtəlif mövzularda mülahizələr aparılır. Bu da gənclərdə fikri formalaşdırma, rəy bildirmə, müzakirə və mübahisə etmək bacarığını artırır. Məsələn, Böyük Britaniyanın “Press Association” agentliyinin (PA Media Group) baş icraçı direktoru Klayv Marşal, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Türkiyədən olan jurnalistlər - Aynur Tattersall, Mehmet Çetinkaya, Mustafa Toll Akademiyanın qonağı olublar. Bundan başqa, Akademiyamızda Rəşid Behbudovun yaradıcılığı mövzusunda müdavimlərlə görüş keçirilib, AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev “Müasir texnologiyalar və informasiya təhlükəsizliyi”, Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan Ədəbiyyatı üzrə katibi Sayman Aruz “Nəsimi fəlsəfəsi” mövzusunda mühazirələr oxuyublar, “Dövlət təhlükəsizliyinin təmin olunması” barədə maarifləndirici söhbət aparılıb.

Əlbəttə, müxtəlif mövzular ətrafında keçirilən belə görüşlər dinləyicilərin bilik və təcrübələrini zənginləşdirir.

Akademiyada yaradıcı layihələrin təqdimatları da artıq ənənəvi hal alıb. Belə layihələrdə gənclər yaradıcı təfəkkürlərini inkişaf etdirir, komandada işləməyi öyrənirlər. Komanda olaraq onlar yaradıcılıqda bir-birini tamamlayan qrup üzvlərini seçmək və işləmək bacarığı əldə edirlər. Peşəkarlarla dinləyicilər arasında aparılan müzakirələr qoyulan məsələlərin təhlilinə və inkişafına təkan verir. Digər tərəfdən də bu üsul hər bir dinləyicinin özünəxas qabiliyyətlərini üzə çıxarmağa imkan yaradır.

Bu gün foto sənəti incəsənətin ən populyar növlərindəndir. Onun özəlliyi adi, kiçik detalda qeyri-adiliyi görmək və göstərmək bacarığıdır. Operatorluq kursunun hazırladığı “Addım” (“Step”) foto-sərgisi uğur qazanan layihərdəndir. Mövzuların müxtəlifliyi ilə seçilən sərgidə təbiət mənzərələri, insan portretləri, həyatın müəyyən anları əks olunan fotolar xüsusi yer tutur.

Qrupun başqa bir təqdimatı - videovizualizasiyadır. Render etmə, vizuallaşdırma xəyalları reallığa çevirən üsuldur. İştirakçıların hazırladığı bir neçə dəqiqəlik videoda kainatda baş verən iqlim dəyişiklikləri, ekoloji problemlər çərçivəsində, atmosfer ünsürlərinin yaranması göstərilir.

Rejissor kursu dinləyicilərinin “Dar dalan”adlı qısametrajlı filmlər təqdimatı da müxtəlif ideyalardan ibarət idi. Həcmcə qısa olmasına baxmayaraq bu filmlər bir o qədər artıq təsiretmə gücünə malikdirlər.

Teleradio-müxbir, redaktor, aparıcı ixtisasına yiyələnən müdavimlər qələmlərini “Kiçik hekayələr”layihəsində sınayıblar. Hekayə epik nəsrin kiçik formasıdır. Hekayənin əsasını hadisə, personajların hərəkətləri təşkil edir. Detalların, əsas obrazların diqqətlə seçilməsi lakoniklik yaradır. Burada əsas məqsəd mövzunun özünəməxsus formada qısa təqdim edilməsidir. Yəni tələbələrə verilən tapşırıq minimum 6 söz, maksimum 6 cümlə ilə hekayəni oxuculara çatdırmaq idi. Yarışmaya təqdim edilən hər bir yazı kreativliyi ilə seçilirdi.

Akademiyada təşkil olunan belə tədbirlər gənclərin dünyagörüşünü və sənət yoldaşları ilə rəqabətaparma qabiliyyətlərini artırır.

Qeyd edək ki, müsabiqələrdə yer tutan bütün iştirakçılar mükafatlandırıldılar.

Artıq Teleradio Akademiyasında növbəti məzunların buraxılışı oldu. Ənənəyə sadiq qalaraq bu tədris ilinin sonunda da hər ixtisasa müvafiq qiymətləndirmədən keçən müdavimlər uyğun sertifikatlarla təltif olundular. Bu tədris ilində də Akademiyanı bitirən bütün dinləyicilərə uğurlar arzulayırıq”.

Məlumat üçün bildirək ki, Akademiyanın birinci il məzunlarının 21 nəfəri “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin müxtəlif departament və redaksiyalarında çalışırlar.

CANLI YAYIM