Avtomobillərin və daşınmaz əmlakın sığortası elektronlaşdırılır - DAHA HANSI DƏYİŞİKLİKLƏR VAR?

Avtomobillərin və daşınmaz əmlakın sığortası elektronlaşdırılır - DAHA HANSI DƏYİŞİKLİKLƏR VAR?

28 Dekabr, 17:07 Sosial mediada paylaşın:

Daşınmaz əmlakla əlaqədar sığorta şəhadətnamələri yalnız elektron formatda müştərilərə çatdırılacaq. Bununla bağlı proses 2021-ci ildə tamamlanacaq. Nəticədə avtomobillərdə olduğu kimi əmlak sığortasında da  kağız şəhadətnamələr aradan qalxacaq. Elektronlaşma tamamlandıqdan sonra nəzarətedici qurum yalnız bir ekrandan əmlakın sığortalı  olub-olmadığını görəcək. Daşınmaz əmlakın icbari sığortasına görə cərimələr də elektron qaydada tətbiq olunacaq. 

Daşınmaz əmlakın icbari sığortası yaşayış və qeyri-yaşayış sahələrinə dəyən zərərin əvəzinin ödənilməsi deməkdir. İcbari sığorta haqqında qanunda nəzərdə tutulan sığorta hallarına su basması, yanğın, təbii fəlakətlər və digər risklər aid edilir. Azərbaycanda 2011-ci ildə qəbul edilən “İcbari sığortalar haqqında” Qanuna əsasən bu sistemə nəzarəti yerli icra hakimiyyəti orqanları və FHN həyata keçirir.

Son günlərdə mənzillərə sığorta şirkətləri tərəfindən paylanan cərimələr haqqında məlumat vərəqəsinə əsasən məsələ yenidən gündəmə gəlib. Vətəndaşları daha çox sığortaya görə cərimələrin tətbiq olunub-olunmayacağı maraqlıdır.

Xəyal Məmmədxanlı (Sığorta üzrə ekspert): "Azərbaycanda istər hüquqi şəxslərin, qeyri-yaşayış sahələri və yaxud da sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qeyri-yaşayış sahələri, o cümlədən də yaşayış sahələri və vətəndaşlara məxsus olan tikililər və mənzillər icbari qaydada sığortalanmalıdır. Bunun sığortalanmamasına görə hüquqi şəxsləri 80 manat-200 manat, vətəndaşları, fiziki şəxsləri isə 30 manat məbləğində cərimə müəyyən edilib. Bu inzibari xətalar məcəlləsinin 469-cu maddəsilə təsbit olunub".

2020-ci ildən etibarən avtomobillərdə olduğu kimi daşınmaz əmlakın sığortası da elektronlaşdırılacaq. Elektronlaşma tamamlandıqdan sonra nəzarətedici qurum yalnız bir ekrandan əmlakın sığortalı olub-olmadığını görəcək. Daşınmaz əmlakın icbari sığortasına görə cərimələr də elektron qaydada tətbiq olunacaq.

Rəşad Əhmədov (İcbari Sığrta Bürosunun direktoru): "2018-ci ilin statistikası ilə müqayisə etsək, hazırda 30-40 faizlik bir artım müşahidə edilir. İlin sonuna qədər daşınmaz əmlakın icbari sığortası ilə bağlı toplanan sığorta haqqlarının həcminin 40 milyon manata çatacağını təxmin edirik. Rəqəmlər bunu göstərir. Bundan başqa, baş verən hadisələrdə sığorta təminatının olduğunu görürük. Əyani bir şəkildə. Yaxın bir müddət əvvəl baş vermiş böyük bir yanğın hadisəsində bu 2 milyon manata yaxın sığorta təminatının olduğunu gördük biz. Əmlakın sığortası var idi. 2 milyon manat önəmli bir sığorta ödənişidir Azərbaycanın sığorta tarixində".

Ayşəm Rüstəmova, Qurban Hüseynov

 

CANLI YAYIM