AzTV ənənəvi Yeni il şənliyindən imtina etdi: tamaşaçıları Yeni il sürprizi gözləyir - FOTO

AzTV ənənəvi Yeni il şənliyindən imtina etdi: tamaşaçıları Yeni il sürprizi gözləyir -FOTO

28 Dekabr, 11:12 Sosial mediada paylaşın:

AzTV dekabrın 31-də öz tamaşaçılarını hazırladığı Yeni il sürprizi ilə təəcübləndirəcək.

Telekanal ənənəvi Yeni il şənliyindən imtina edərək Yeni il axşamı öz tamaşaçılarına xüsusi hədiyyə - “Şaxta” adlı musiqili film hazırlayıb. Filmin ssenari müəllifi, ikinci rejissoru və baş rolun ifaçısı - AzTV-nin “Ağ&Qara” verilişinin aparıcısı aktyor Kamran Ağabalayevdir.

“Bu film insani dəyərlərdən, yaxınlarımıza olan xeyirxahlıqdan, qayğıdan, doğmalarımıza və yaxınlarımıza qarşı təkcə bayramlarda və hansısa əlamətdar günlərdə deyil, daim diqqətli olmaqdan bəhs edən müasir nağıldır”, - 1news.az-a müsahibəsində AzTV-nin baş prodüsseri, “Şaxta” filminin quruluşçu rejissoru və baş prodüsseri Nazilə Babayeva deyib.

AzTV-nin Yeni il layihəsinin çəkilişləri Bakıda, eləcə də Türkiyənin istirahət məkanlarından birində - aktyorlar Aydan Axundzadə (“Həddən artıq uyğunluq”, “Jara”) və İbrahim Çingiz (“Vicdan haqqı”, “Yuxu kimi”), Azərbaycanın Xalq artistləri Qurban İsmayılov və Vaqif Əsədov, Əməkdar artist Sənubər İsgəndərli və AzTV-nin aparıcılarının iştirakı ilə aparılıb.

Çəkilişlərdə, eləcə də azərbaycanlı tamaşaçılara “Yüksek sosyete”, “Vatanım sensin”, “Kardeşim benim” və “Terkedilmiş” layihələrindən yaxşı tanış olan türkiyəli aktyor Emir Qaripler də iştirak edib.

Nazilə Babayevanın sözlərinə görə, “Şaxta” filminin musiqiləri layihənin müəyyən yerlərinə uyğunluğuna görə məşhur artistlər Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Sevda Ələkbərzadə, Eldar Qasımov, Faiq Ağayev, Röya, Tünzalə Ağayeva, Ədalət Şükurov, Samira, “Rast” qrupu, “Natiq” ritm qrupu və əfsanəvi Zeynəb Xanlarovanın ifalarında çox diqqətlə seçilib.

Qeyd etmək lazımdır ki, “Şaxta” filmi çərçivəsində hər ifaçının kadrda görünməsi və mahnısı sadəcə musiqi nömrəsi deyil, yeni il efirini bəzəyə biləcək musiqi klipidir.

Məsələn, Xalq artisti Zülfiyyə Xanbabayeva “Şaxta” layihəsi üçün hava limanında eyni adlı “Hava limanı” məşhur mahnısını ifa edərkən çəkilib.

AzTV-nin baş prodüsseri Nazilə Babayeva qeyd edib: “AzTV-nin sədri Rövşən Məmmədov Yeni il filminə hərtərəfli dəstək və böyük kömək göstərib. Ona və bizim layihənin mehriban, yaradıcı heyətinə dərin təşəkkürümü bildirirəm”.

İcraçı prodüsser Müşviq Kərimov, operatorlar Oqtay Namazov, Aqşin Rzayev, Azad Arifoğlu, Faiq Şirinbəyli, Elvin Rəhimli, səs Sadiq Hüseynov, montaj rejissoru Paşa Nəsibov, geyim üzrə rəssam Səbinə Əsəddir.

“Şaxta” musiqili filmi 31 dekabr saat 21:30-da efirdə olacaq.

Qarşıdan gələn Yeni iliniz mübarək!

CANLI YAYIM