Prezident Teymur Rəcəbovun qələbəsi barədə: “Bu, tarixi hadisədir”

Prezident Teymur Rəcəbovun qələbəsi barədə: “Bu, tarixi hadisədir”

26 Dekabr, 10:55 Sosial mediada paylaşın:

“Görkəmli idmançılarımızın uğurları bizim idman şöhrətimizi daha da yüksəklərə qaldırır. Bu baxımdan bu il də əlamətdar il olmuşdur”.

Bu sözləri Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən deyib.

Ölkə başçısı idmançılarımız qazandığı medalların sayını da açıqlayıb: “Bizim idmançılarımız beynəlxalq idman yarışlarında 775 medal qazanmışlar, onlardan 271-i qızıl medaldır. Bu, onu deməyə əsas verir ki, idmançılarımız ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil ediblər və Azərbaycanın dövlət himnini dəfələrlə səsləndiriblər, bizim bayrağımızı yüksəklərə qaldırıblar”.

Dövlət başçısı idman nailiyyətləri arasında şahmatçıların uğurlarını xüsusilə qeyd edib: “Çünki bu, onu göstərir ki, bizim gənclərimiz nəinki fiziki cəhətdən güclüdür, eyni zamanda, onların intellektual potensialı da çox yüksəkdir. Bizim görkəmli şahmatçımız Teymur Rəcəbov Dünya Kubokunun qalibi olmuşdur. Bu, tarixi hadisədir. On altı yaşadək yeniyetmələrdən ibarət şahmat komandamız Dünya Şahmat Olimpiadasının qalibi olmuşdur. Bu da onu təsdiqləyir ki, şahmata göstərilən diqqət, son illərdə rayonlarda şahmat məktəblərinin açılması öz nəticəsini verməkdədir. Mənim bölgələrə çoxsaylı səfərlərim çərçivəsində şahmat məktəblərinin açılışı da ənənəvi olaraq proqrama salınır. Demək olar ki, mən ölkəmizdə fəaliyyət göstərən əksər şahmat məktəblərinin açılışında iştirak etmişəm. Əfsuslar olsun ki, 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində bir çox şahmat məktəblərimizin təyinatı dəyişdirilmiş, o binalar özəlləşdirilmiş, orada ticarət obyektləri açılmışdır. Əlbəttə ki, bu, ovaxtkı rəhbərlik tərəfindən bizim intellektual potensialımıza vurulmuş böyük zərbə idi.

Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra şahmat məktəblərinin yenidən açılması prosesi başlamışdır və son illərdə bu proses geniş vüsət almışdır. Mənim göstərişimlə rayonlarda yaradılmış gözəl şahmat məktəbləri fəaliyyət göstərir və beləliklə, gənc şahmatçılar yetişir.

Əlbəttə, şahmat çox məşhur, populyar idman növüdür, o idman növüdür ki, insanların, uşaqların intellektual potensialını gücləndirir”.

CANLI YAYIM