Birinci rübdə Göyçayda sənaye məhsulunun istehsal həcmi 3,7 milyon manat artıb

7 May, 16:36 Sosial mediada paylaşın:

2019-cu il daha çox sosial sahədə inqilabi islahatların reallığa çevrildiyi il kimi yaddaşlara yazılacaq. Son üç ayda Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanların bir çoxu əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edir. Təkcə Göyçay rayonu üzrə sosial müavinət və Prezident təqaüdlərinin artması 6 min 518 nəfərə şamil edilib və onlara 347,9 min manat əlavə vəsait ödənilib.

Bu fikirlər Göyçayda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda səsləndirilib. Məruzə və çıxışlarda qeyd olunub ki, ilin ilk üç ayında respublikamızda, o cümlədən Göyçay rayonunda tikinti, quruculuq və abadlıq işlərinin sürətləndirilməsi, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Rüb ərzində Göyçay rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi keçən ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artaraq 48,9 milyon manat olub.

Bildirilib ki, rayonun sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 8,2 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da keçən ilin birinci rübünə nisbətən 3,7 milyon manat çoxdur. Birinci rübdə aqrar sahənin inkişaf etdirilməsi istiqamətində də müəyyən tədbirlər görülüb, 1067 hektar sahədə yazlıq bitkilər əkilib. Yanvar-mart aylarında rayonda 123,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib.

Qeyd olunub ki, hesabat dövründə iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 2,3 milyon manat investisiya yönəldilib, tikinti təşkilatları tərəfindən 1,8 milyon manatlıq inşaat işləri görülüb. Hesabat dövründə əhalinin həyat səviyyəsi xeyli yaxşılaşıb, pərakəndə əmtəə dövriyyəsinin həcmi 2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 1,6 faiz artıb.

Rayonda həyata keçirilən tikinti-quruculuq işlərindən də ətraflı danışılıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin “Göyçay rayonunun Kürd-Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, ümumi uzunluğu 7,5 kilometr olan yolda əsaslı təmir işlərinə başlanılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Göyçay şəhərində və Qarabaqqal kəndində 40 yerlik uşaq bağçaları inşa edilir. Müskürlü kəndində 40 yerlik uşaq bağçası, tibb məntəqəsi, kitabxana, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və kənd bələdiyyəsi üçün otaqları əhatə edən inzibati binalar kompleksinin tikintisi aparılır. Ölkə başçısının tapşırığına əsasən, Göyçay çayında sel və daşqın təhlükəsinin və qəza vəziyyətinin aradan qaldırılması məqsədi ilə ötən ilin avqust ayından başlanan tikinti işləri də davam etdirilir.

Bildirilib ki, rayon ərazisində məskunlaşan məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Belə ki, kollec və peşə liseyinin yataqxanalarında məskunlaşan ailələr üçün 80 mənzilli yaşayış binasının tikintisinə başlanılıb. Binanın cari ilin iyulunda istifadəyə verilməsi nəzərdə tutulur. Məktəbdə ictimai binalarda və uyğunlaşdırılmış tikililərdə yaşayan qaçqın ailələri üçün də əlavə olaraq 2 ədəd yaşayış binasının inşa edilməsi üçün tədbirlər görülür.

Məruzə və çıxışlarda qarşıda duran vəzifələrdən də söhbət açılıb. Bildirilib ki, növbəti aylarda rayon iqtisadiyyatının daha da möhkəmləndirilməsi, aqrar sahənin inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilməlidir. İlk növbədə rayonun sənaye potensialından, emal müəssisələrinin layihə üzrə istehsal gücündən tam istifadə edilməli, bu müəssisələrdə yeni istehsal sahələrinin yaradılması, müasir bazar tələblərinə uyğun rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalı diqqət mərkəzində saxlanılmalıdır. Rayonun kənd təsərrüfatının mövcud imkanlarından daha dolğun istifadə edilməlidir. Vaxtilə 400-420 ton barama tədarük olunan Göyçayda təsərrüfatın bu gəlirli, ənənəvi sahəsi inkişaf etdirilməlidir.

Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış edib, ölkə başçısının qarşıya qoyduğu konkret vəzifələrdən danışıb.