Azərbaycan Vokalçıları Festivalı çərçivəsində konsertlər keçirilib

Azərbaycan Vokalçıları Festivalı çərçivəsində konsertlər keçirilib

21 Dekabr, 14:00 Sosial mediada paylaşın:

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalı tərəfindən həyata keçirilən Azərbaycan Vokalçıları Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında möhtəşəm konsert baş tutub.

Festival çərçivəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə (dirijor Valid Ağayev) Xalq artistləri Gülnaz İsmayılova, Fidan Hacıyeva, Əməkdar artistlər Fərid Əliyev, İnarə Babayeva, Səbinə Əsədova və başqalarının ifasında müxtəlif operalardan ariyalar səslənib. Konsertin repertuarında əsas etibarilə orta əsr Qərbi Avropa bəstəkarlarının əsərləri yer alıb. Qeyd edək ki, konsert "Mədəniyyət" Kanalı vasitəsilə birbaşa yayımlanıb.

Beynəlxalq Muğam Mərkəzində də müasir bəstəkarların vokal əsərlərindən ibarət konsert proqramı keçirilib. Konsertdə müxtəlif şairlərin sözlərinə bəstələnmiş bir-birindən maraqlı mahnı və romanslar səslənib.

Azərbaycan Vokalçıları Festivalı çərçivəsində Naxçıvan şəhərində də konsert olub. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin Xalq artisti Çingiz Axundovun dirijorluğu ilə konserti keçirilib.

Konsertdə Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva, Mübariz Əsgərov, Elçin Nağıyev və başqaları çıxış ediblər.

Tədbirin sonunda Festivalın ideya müəllifi və bədii rəhbəri, Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov Naxçıvan Televiziyasına  müsahibə verərək qeyd edib ki, qədim torpağımız olan Naxçıvanda klassik vokal məktəbinin ənənələri qorunub saxlanılır. R.Qasımov vurğulayıb ki, ümumrespublika miqyasında ilk dəfə keçirilən vokal festivalı ölkəmizin mədəni həyatına mühüm hadisə kimi yadda qalacaq.

CANLI YAYIM