40 il AzTV-də işləmiş rejissoru kanalda nə təəccübləndirdi? - 20 il sonra İsraildən məktub yazıb

40 il AzTV-də işləmiş rejissoru kanalda nə təəccübləndirdi? - 20 il sonra İsraildən məktub yazıb

5 İyul, 08:01 Sosial mediada paylaşın:

İsraildə yaşayan rejissor və ssenarist Əhməd Abdullayev bu günlərdə Bakıya gəlib və 40 il çalışdığı AzTV-yə baş çəkib.

Rejissor vətəndən qayıtdıqdan sonra öz təəssüratlarını qələmə alıb və yayınlanması üçün BakuPost saytının redaksiyasına göndərib.

Yazını olduğu kimi təqdim edirik:

 

Xoş gördük Bakı!!! Xoş gördük Azərbaycan!

Hər bir Bakı əhli ya qonağı səhəri bu sözlərlə açır!!!

Mən 20 ildir ki, Bakıda yaşamıram. Amma ürəyim hər zaman Bakı ilə, Azərbaycanla döyünür.

İçəri şəhər, Dəniz kənarı park, qədim keçmiş yadigarı olan abidələr, yatanı oyadan xəzri küləyi, üzlərindən nur yağan gözəl insanlar - məgər bunları unutmaq olarmı?

İki həftə öncə köhnə dostları görmək üçün Bakıya getmişdim. Mən böyük həsrətlə bu səfəri gözləyirdim. Axı vaxtı ilə mən 60 il Bakıda yaşamış və 40 ilə yaxındır, AzTV-də ictimai-siyasi redaksiyanın aparıcı rejissor vəzifəsində çalışmışdım.

Eşitdiklərim məni həm narahat etdi və eyni zamanda sevindirdi. Xəbər aldım, bu gözəl televiziya məkanına yeni qüvvə, yeni nəsil və yeni sədr, yeni sənətkar təyin ediblər.

AzTV rəhbərliyinin tanınmış jurnalist Rövşən Məmmədova həvalə edilməsi ilə illərdir, kanal barədə pis imic formalaşdıran, barələrində mətbuatda hər zaman "qara xəbər”lər gedən şəxslər buradan uzaqlaşdırılıb, onların yerinə yeni və gənc simalar gətirilib.

Uğurlu təyinatlardan biri – jurnalist Sahhəddin Hüseynovun ictimai-siyasi redaksiyaya baş redaktor təyin edilməsidir. Mən Sahhəddinlə 20 ildən artıq bir yerdə çalışdım, Azərbaycanın ağır və təlatümlü dövründə...

Yadımdadır, ümummilli lider Heydər Əliyev hakimiyyətə gələn dövrdən mən Sahhədinlə çox sıx çalışdıq və o gözəl anları heç zaman unuda bilmərəm.  O dövr Azərbaycan xalqının ən ağır və tarixi günləri idi. Xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev AzTV-nin nə qədər önəmli rol oynadığını bilirdi. Və biz o günlər, Sahəddin və mən AzTV siyasi publisistika səlnaməsini canla və qanla yazdıq.

Şəxsi görüşüm zamanı anladım ki, yeni sədr – filologiya elmləri doktoru, jurnalist Rövşən Məmmədov televiziya məkanına yeni ruh, yeni ideya, yeni insanlar və yeni baxış gətirməyi planlaşdırır. Mən AzTV-də baş verən bu mədəni inqilabı daha sonra yeni verilişlərdə seyr elədim.

"Əsas Məsələ", "Rakurs", "Həftə", "Nəsillərin Debatı", "Milli İstehsal", "GəncSən" və "Döyüşçü" kimi yeni verilişlər yeni quruluşlar, onların aparıcıları, rejissor tapıntıları Azərbaycan Televiziyasının yeni axtarış yolunda olduğunu sübut edir.  Yeni duyğular, yeni arzular, yeni nəfəs. Xalq bunu Azərbaycan Televiziyasından çoxdan gözləyirdi.

Bu gün AzTV-də baş verən mənəvi dəyişikliklər efir aurasına da gözəl və effektiv şəkildə əks olunur - müasir dizayn, musiqi tərtibatı, aparıcıların əhval-ruhiyyəsi, davranışı, rənglər - bir sözlə, hər şey modern dünya televiziya standartlarına yaxınlaşma dövrünü yaşayır.

Bu çətin, ağır və məsuliyyətli sənət axtarışlarında mən öz adımdan, bütün sənət adamları adından Rövşən Məmmədova və onun yeni komandasına  uğurlar arzulayıram!

Xoş gördük, Bakı!!! Xoş gördük Azərbaycan!

O gün olsun, Azərbaycan Televiziyası qələbə bayramımızı Şuşada, Cıdır düzündən bayram verlişini hazırlasın!

CANLI YAYIM