Elektron arayışların sayı gələn il 30-a çatdırılacaq - “BAKUTEL”İN İKİNCİ GÜNÜ

Elektron arayışların sayı gələn il 30-a çatdırılacaq -“BAKUTEL”İN İKİNCİ GÜNÜ

5 Dekabr, 15:47 Sosial mediada paylaşın:

XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar – “Bakutel-2019” sərgisi davam edir. Sərgiyə ikinci gün də böyük maraq olub.

Sərgiyə 23 ölkədən 238 şirkət qatılıb. Bu statistika isə onu göstərir ki, beynəlxalq şirkətlər də Azərbaycanda fəaliyyətdən məmnundurlar.

Bu sahədə xarici şirkətlərin Azərbaycan bazarına daxil olması, İKT sektoruna investisiya yatırmasından, təbii ki, ilk növbədə ölkəmiz qazanc əldə edir. Əvvəlcə ona görə ki, ixtisaslı kadrların hazırlanması prosesi daha da sürətlənib və nəticədə bu gün Azərbaycan xüsusilə innovasiyalar sahəsində nümunəvi ölkələrdən birinə çevrilib. Xüsusilə vətəndaşların dövlət xidmətlərindən istifadəsi ilə bağlı mütəmadi yeniliklərlə rastlaşırıq. Artıq vətəndaşlara elektron qaydada təqdim edilən arayışların sayı da artırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Kənan Əkbərov yeniliklərdən danışıb: “Artıq 6 arayışı vətəndaşlar elektron qaydada əldə edə biləcəklər. İlin sonuna kimi isə bu say 15-ə çatdırılacaq. Gələn il isə 30 arayış veriləcək. Əgər arayışlarını elektron ala bilməyən vətəndaşlar olsa, onlar DOST Mərkəzlərinə müraciət edərək əldə edə biləcəklər”.

Yeri gəlmişkən, vətəndaşlar “Bakutel” sərgisi müddətində buradakı DOST Agentliyinin stendinə yaxınlaşaraq yaşayış yeri üzrə məhdudiyyət olmadan xidmətlərdən yararlana bilərlər.

Bu xidmətlərin elektronlaşması, təbii ki, ölkədə İKT sektorunun inkişafından xəbər verir. Bu sahəyə yatırılan sərmayənin əsas məqsədi isə əhalinin xidmətlərə əlçatanlılığının artırılması və rahatlığıdır.

Vüsal Qaraca

CANLI YAYIM