“Japan Food Expo Fair” sərgisində Azərbaycan iş adamları iştirak edib

30 Noyabr, 12:15 Sosial mediada paylaşın:

Tokionun möhtəşəm “Makuhari Messi” sərgi salonunda təşkil edilmiş üçüncü “Japan Food Expo Fair” (Yaponiyanın qida məhsullarının ixracı) sərgisində Azərbaycan iş adamları da iştirak edib.

AZTV.AZ xəbər verir ki, Yaponiyanın Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyinin təşkili etdiyi sərgidə bu ölkədə qida məhsulları istehsalı ilə məşğul olan 700-dən çox şirkət təmsil olunub. Azərbaycan şirkətlərinin 9 nəfərlik nümayəndə heyəti də növbəti dəfə bu sərgiyə qatılıb.

Səfərin təşkilatçısı, “Foodstaff Co.LTD” şirkətinin prezidenti Tsuyoşi Kaneda AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, 2017-ci ildə yapon ərzaq məsullarının Azərbaycana ixracı məqsədilə bu şirkəti təsis edib. Üç ildir davam edən gərgin iş bəhrəsini verməkdədir və cari ilin dekabrından başlayaraq bizim şirkət vasitəsilə də yapon məhsullarının Azərbaycana ixracı həyata keçiriləcək. Azərbaycan iş adamları ilə birgə ikinci dəfə qatıldığımız sərgidə supermarket, otel və restoranların menecerləri, aşpazlar iştirak edirlər. Azərbaycanda Yaponiyanın qida məhsullarına böyük marağın olduğunu son illər Bakıda sayı xeyli artmış yapon restoranları da təsdiq edir. Yaponiya qida məhsullarının Azərbaycana ixracı məqsədilə artıq müəyyən razılaşmalar əldə edilib. Keyfiyyəti və tamı ilə seçilən yapon məhsullarını tezliklə Azərbaycan sakinlərinə təqdim edəcəyik.

Azərbaycan iş adamları da sərgi barədə fikirlərini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüblər.

Bakıda fəaliyyət göstərən “Badamı” restoranının meneceri Tural Mikayılov bildirib ki, artıq ikinci dəfədir bu sərgiyə qatılır: “Ötən il razılıq əldə etdiyimiz şirkətlə müqavilə imzalamışıq və artıq birgə çalışırıq. Bu il sərgiyə qatılmaqda məqsədimiz yeni açılan restoranın menyusuna da yapon məhsullarını əlavə etməkdir. Yaranan rəqabət şəraitində mətbəximizi daha da genişləndirmək istəyirik. Hokkaydo prefekturasından olan şirkətin yapon əriştəsi ilə bağlı təklifi çox maraqlı idi və artıq onların məhsulunu sınaqdan keçirdik. Çox dadlı idi və düşünürəm ki, Azərbaycanda bu məhsulu bəyənəcəklər. Bundan başqa, Kiotoda istehsal edilən mal ətinin alınması ilə bağlı da danışıqlar apardıq. Razılıq əldə edilsə bu məhsulu da tezliklə Azərbaycana aparacağıq”.

“Zakura” (Nar) restoranının meneceri Rəfael Zamanov isə deyib ki, ilk dəfədir bu sərgiyə qatılır. Yapon şirkətləri ilə aparılan danışıqlar demək olar ki, uğurlu alınıb. Düşünürəm ki, bizə lazım olan yapon qida məhsullarını, içkiləri tezliklə Bakıya aparmağa nail olacağıq.

Artıq ikinci dəfədir sərgiyə qatılan “Çinar” restoranının meneceri Elxan Musayev və baş aşpaz Ənvər Qocayev isə bildiriblər ki, yüksək səviyyəsi ilə seçilən sərgidə keyfiyyətli məhsulların Azərbaycana ixracı üçün yaxşı şərait yaradılıb. Azərbaycan paytaxtının sakinlərinə,həmçinin qonaqlara keyfiyyətli yapon qida məhsullarının çatdırılması üçün aparılan danışıqlar uğurlu alınıb. Yapon məhsullarının keyfiyyətini əksəriyyət yaxşı bilir və bu məhsulları Azərbaycana aparmaq bizim üçün xüsusi əhəmiyyətə malikdir. Belə dünya miqyaslı brendlərin Bakıya aparılması, həm də müəyyən qədər Azərbaycanın imicinə müsbət təsir göstərir.

“Merano Baku” şirkətinin baş direktoru Elxan Məmmədov və bölgə müdiri Rahib Abbasov isə deyiblər ki, ilk dəfədir “Japan Food Expo Fair” sərgisinə qatılsalar da təmsil etdikləri şirkət Azərbaycanın qida məhsulları bazarında yaxşı tanınıb. Hazırda dünyanın müxtəlif ölkələrindən 18 kateqoriya üzrə 200 çeşiddə qida məhsulunun ölkəmizə idxalını həyata keçirirlər. Yaponiyaya səfərin məqsədi isə bu siyahıya keyfiyyətli yapon məhsullarını daxil etməkdir. Aparılan ilkin danışıqlar deməyə əsas verir ki, tezliklə bu şirkətin vasitəsilə də yapon məhsulları ölkəmizə idxal ediləcək. İnanırıq ki, yapon biznesi ilə əməkdaşlıq hər iki tərəf üçün səmərəli olacaq və gələn sərgidə daha geniş tərkibdə iştirak edəcəyik.