Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası aksiyanı davam etdirir

27 İyun, 16:14 Sosial mediada paylaşın:

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Gədəbəydə sayca ikinci dəfə aksiya keçirib. Aksiya çərçivəsində 200-dən çox sakinin gözü müayinə olunub. 7 nəfərin gözündə isə cərrahiyyə əməliyyatı aparılıb.

Hazırda dünyada 7 milyard insandan 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artır. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi də respublikada korluğun qarşısının alınması, xəstəliklərin erkən aşkar edilməsi üçün bölgələrdə tibbi aksiyalar keçirir. Növbəti aksiya Gədəbəydə keçirilib.

Səyyar göz klinikasının Gədəbəyə gəlməsi bu ucqar rayonun sakinlərinə yüksəksəviyyəli tibb xidməti göstərilməsinə imkan yaradıb. Onlar da bu imkandan istifadə ediblər.

Müayinənin nəticəsinə,əsasən,7 pasiyentin gözündə cərrahiyyə əməliyyatı aparılıb.

Aksiya zamanı ümumilikdə 210 vətəndaşın gözü müayinə edilib.   Gözündə ciddi problem aşkarlanan pasiyentlərin Milli Oftalmologiya Mərkəzinə gəlmələri tövsiyə edilib.