Sivilizasiyalararası dialoqun paytaxtı - NİYƏ BAKI?

Sivilizasiyalararası dialoqun paytaxtı - NİYƏ BAKI?

15 Noyabr, 15:05 Sosial mediada paylaşın:

Budur, Bakı növbəti dəfə sivilizasiyalararası dialoqun paytaxtına çevrilib. Bu dəfə dünya dini liderləri ölkəmizin paytaxtında bir araya gəliblər.

Dünya dini liderlərinin II Bakı Sammitində 5 qitədən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak ediblər.

Müxtəlif dinlərin, qütblərin təmsilçilərinin görüş, dialoq məkanı kimi Bakını seçməsi təsadüfüdürmü? Əlbəttə, yox! Bəs Bakını beynəlxalq dialoqun mərkəzinə çevirən hansı amillərdir?

Təhlilçilər sammiti Azərbaycanın qlobal miqyasda dialoq, anlaşma, tollerantlığın yayılması kimi dəyərlərin şaxələndirilməsi və təşviqinə töhfəsi kimi qiymətləndiriblər. Bu mötəbər tədbir Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və davam edən “Bakı Prosesi”, “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamı kimi xarakterizə olunur.

Bakının bu cür mötəbər tədbirlərə evsahibliyi etməsi artıq ənənəvi xarakter daşıyır. Ancaq bu, yalnız hər hansı tədbirin fiziki olaraq təşkilatçılığını öz üzərinə götürmək deyil. Belə tədbirlərin ölkəmizin paytaxtında keçirilməsi barədə qərarın verilməsi Azərbaycanın beynəlxalq siyasi arenadakı imicini, beynəlxalq və regional proseslərdə fəal və aparıcı mövqeyini və qlobal miqyasda reputasiyasını ifadə edir.

Təkcə geridə qalan oktyabr ayı ərzində ölkəmizin paytaxtında keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü və Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünü xatırlatmaq söylədiklərimizə sübutdur.

Qürurverici haldır ki, Azərbaycan hazırda həm də hər iki təşkilata sədrlik missiyasını öz üzərinə götürüb. Bu da Azərbaycanın beynəlxalq siyasi münasibətlərdəki fəal iştirakçılığının, sülhpərvər, multikultural və tamamilə aydın siyasətinin nəticəsidir.

Təbii ki, bu cür mötəbər təşkilatlara rəhbərlik Azərbaycan üçün ilk nümunələr deyil. Ölkəmiz hələ 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olarkən iki dəfə bu ali beynəlxalq quruma sədrlik edib.

Azərbaycanın müxtəlif qütbləri təmsil edən siyasi güclərdən eyni məsafədə dayana bilməsi, onlarla bərabərhüquqlu əməkdaşlıq mühitində işləməsi rəsmi Bakınınetibarlı tərəfdaş və müstəqil dövlət obrazını gücləndirir və onun yüksək beynəlxalq reytinqini şərtləndirir. Eyni zamanda, Azərbaycandakı multikultural mühit, müxtəlif dinlərin, xalqların nümayəndələrinin əsrlər boyu ölkəmizdə mehriban şəraitdə yaşaması da tarixi faktdır və beynəlxalq ictimiayyət tərəfindən yüksək qiymətləndirilir.

Dünya dini liderlərinin II Sammitində çıxış edərkən Prezident İlham Əliyev bu Sammitin niyə məhz Bakıda keçirilməsini konseptual şəkildə şərh etdi:

“Bakıda belə mötəbər tədbirin keçirilməsi, hesab edirəm ki, təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Bizim qədim tariximizi əks etdirən o cümlədən bizim dini abidələrimizdir. Bizim dini abidələrimiz, ilk növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar”.

Dövlətimizin başçısı deyib ki, Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir:

“Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir. Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılmışdır və bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Tədbirlərin bəziləri ənənəvi xarakter daşıyır. Məsələn, Bakı Humanitar Forumu ənənəvi olaraq keçirilir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən dəstəklənir. BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Zirvə görüşləri, yəni bütün bu tədbirlərin bir məqsədi var - dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək və beləliklə, dünyada gedən müsbət proseslərə öz töhfəmizi verməkdir. Çünki biz yaxşı görürük və mətbuatdan da izləyirik ki, dini zəmində, etnik zəmində, məzhəb zəminində bir çox xoşagəlməz hallar - münaqişələr, qarşıdurmalar, müharibələr, qardaş qanının axıdılması baş verir. Əfsuslar olsun ki, bəzi hallarda psevdodini şüarlar altında cinayətlər törədilir. Biz bu istiqamətdə öz səylərimizi birləşdirməliyik”.

Vüsal Məmmədov
Analitik Qrup

 

CANLI YAYIM