Sosialyönümlü büdcə və ədalətli bölgü - 2020-ci ildə nələr gözlənilir? - TƏHLİL

Sosialyönümlü büdcə və ədalətli bölgü - 2020-ci ildə nələr gözlənilir? - TƏHLİL

13 Noyabr, 18:20 Sosial mediada paylaşın:

Kapitalizm quruluşunun bir çox hallarda soyuqqanlı idarəçilik modeli, ümumiyyətlə bu sistemin mahiyyəti cəmiyyətdə təbəqələşmənin sürətlənməsi riskini artırır. Bu riski dövlət tərəfindən həyata keçirilən sosial addımlar kompensassiya edə bilər. Azərbaycan modelində olduğu kimi.

Bu gün Azərbaycanda sosialyönümlü siyasət həyata keçirilir. Dövlət cəmiyyətin ayrı-ayrı təbəqələrinin rifahının, yaşayış şəraitinin yaxşılaşdırılması, problemlərinin həlli, gündəlik qayğılarının aradan qaldırılması üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. 2020-ci ilin büdcə layihəsinin təhlili də göstərir ki, büdcə əsas etibarilə sosialyönümlüdür.

Sənədə görə, büdcə xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 40,7 faiz təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 9,9 faiz və ya 2 milyard 664,2 milyon manat çoxdur.

2020-ci ildə əməyin ödənişi üzrə xərclər 6 milyard 723,4 milyon manat, təqaüdlər və sosial müavinətlər üzrə xərclər 3 milyard 213,4 milyon manat (o cümlədən, Dövlət Sosial Müdafiə Fonduna transfert 1 milyard 426,9 milyon manat), icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclər 902.9 milyon manat, ərzaq məhsullarının alınması və təminatı xərci 414 milyon  manat və digər sosialyönlü xərclər 81,2 mln. manat təşkil edəcəkdi.

Beləliklə, görünür ki, sosial xərclərə büdcədə xüsusi olaraq yer ayrılıb. Bu isə şübhəsiz ki, Prezident İlham Əliyevin müəyyən etdiyi sosialyönümlü siyasətin daha bir ifadəsidir.

Gəlin, sosialyönümlü siyasətin konkret olaraq özünü nələrdə ifadə etdiyini qısa şəkildə nəzərdən keçirək.

Ədalətli bölgü

Azərbaycan dövlətinin bu sahədəki siyasəti olduqca şəffaf və aydındır. Ölkəmizin gəlirləri əsas etibarilə karbohidrogen ehtiyatlar, xüsusilə də neftin ixracından formalaşır. Doğrudur, həyata keçirilən iqtisadiyyatın diversifikasiyası və nəticədə ixracatda qeyri-neft məhsullarının həcminin və sayının artması müşahidə olunur, ancaq neft ixracatda hələ ki, dominant paya sahibdir. Məhz neft gəlirlərinin ədalətli bölgüsünü, eyni zamanda bu resursun gəlirlərinin həm də gələcək nəsillərə ötürülməsini təmin etmək məqsədi ilə Dövlət Neft Fondu (ARDNF) yaradılıb. Dövlət Neft Fondundan ayrılan xərclərdən istifadə yalnız parlamentdə müzakirələrdən sonra mümkündür. Bu, xərclərdən istifadədə vətəndaş idarəçiliyi modelidir. Təsadüfi deyil ki, 2016-cı ildə ARDNF Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunun tərtib etdiyi Suveren Fondların Şəffaflıq və Hesabatlılığı qiymətləndirmə cədvəlində 92 xalla 60 suveren fond arasında 4-cü yerdə qərarlaşıb.

Yoxsulluğun azaldılması

Azərbaycan dövlətinin həyata keçirdiyi sosial tədbirlər və məşğulluğun artırılması istiqamətində ardıcıl proqramlar ölkədə yoxsulluğun böyük miqyasda aradan qaldırılmasına imkan verib.

Prezident İlham Əliyev 2003-cü ildə yoxsulluğun aradan qaldırılmasını mühüm prioritet kimi müəyyən etmişdi. Son 15 ildə yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizə enməsi həyata keçirilən siyasətin effektivliyindən və bütün tədbirlərin mərkəzində insan amilinin dayanmasından xəbər verir.

Sosial müdafiə

Azərbaycan vətəndaşı bütün hallarda dövlətinin onun yanında olduğuna əmindir. Keçmiş təcrübələr bu cür əminlik üçün əsas yaradır. Konkret bir neçə misal üzərində dayana bilərik: Fövqəladə hallar zamanı vətəndaşların qarşılaşdığı itkilərin, problemlərin aradan qaldırılması istiqamətində dövlətin atdığı addımlar, cəmiyyətin ayrı-ayrı təbəqələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması yönündə həyata keçirilən tədbirlər və s. Təkcə bu il ərzində Şamaxı, Ağsu və İsmayıllıda zəlzələdən zərər çəkmiş evlərin tikintisi və bərpası, eləcə də məcburi köçkünlərin yeni salınmış yaşayış komplekslərində yerləşdirilməsinə şahidlik etmişik. Ümumilikdə isə son 18 ildə qaçqın və məcburi köçkünlər üçün 100-dən artıq müasir qəsəbə salınıb.

Pensiya və təqaüdlərin, eləcə də əməkhaqlarının davamlı şəkildə artırılması, sosial infrastrukturun yaxşılaşdırılması yönündə həyata keçirilən investisiya proqramları da sosial müdafiə tədbirlərinin tərkib hissəsidir.

Büdcə sənədindən görünür ki, növbəti ildə də əhalinin aztəminatlı təbəqəsinə yönəlmiş xərclər prioritet istiqamətlərdən olacaq.

Məşğulluq

Əhalinin işlə təmin olunması əslində ona imkan verir ki, dövlət sosial xərc yükünü azaltsın. Bununla belə, dolayısıyla, iş yerlərinin açılmasını, məşğulluğun təmin olunmasını da dövlətin sosial siyasəti kimi qiymətləndirmək olar.

Azərbaycanda hər il əmək bazarına 100 min gənc daxil olur. Gənclərin məşğulluğunun artırılması Azərbaycan hökumətinin məşğulluq siyasətinin tərkib hissəsidir. Ölkədə hazırda 14-29 yaşlı gənclər arasında işsizlik səviyyəsi 9,2 faiz təşkil edir. Ümumiyyətlə isə ölkədə işsizlik 5 faiz həddindədir.

Əhalinin məşğulluğunun artırılması yönündə həyata keçirilən tədbirlər, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun, kənd təsərrüfatının stimullaşdırılması deməyə əsas verir ki, növbəti il ərzində bu rəqəm də müsbətə doğru dəyişəcək.

Vüsal Məmmədov
Analitik qrup

CANLI YAYIM