Sadə vətəndaşlar ictimai nəzarətdə necə iştirak edə bilər? - AzTV-də maraqlı müzakirə

Sadə vətəndaşlar ictimai nəzarətdə necə iştirak edə bilər? - AzTV-də maraqlı müzakirə

13 Noyabr, 15:24 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının “Əsas məsələ” verilişinin 12 noyabr – Konstitusiya Günündə efirə gedən buraxılışı ictimai nəzarət mexanizminin necə qurulmalı olduğuna həsr olunub.

Hüquq müdafiəçisi Sahib Məmmədov və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı sadə vətəndaşların ictimai nəzarət prosesində iştirakı ətrafında müzakirələr aparıblar.

S.Məmmədov bu prosesdə vətəndaş aktivliyinin bir çox məsələni həll etdiyini vurğulayıb: “Vətəndaş aktivliyi çox şeyi həll edir. Əgər o, gördüyü problemə “onsuz da xeyri yoxdur, onsuz da baxan olmayacaq” deyib yan keçirsə, əlbəttə, bu məsələ həll olunmayacaq. Amma vətəndaş fəallıq göstərirsə, - bu fəallığı indi nümayiş etdirmək üçün əlavə vasitələr var, sosial şəbəkələr var – məsələ ictimailəşir və həllini tapır”.

A.Səfixanlı isə hüquq mədəniyyətinin səviyyəsinə görə əhalinin 3 yerə bölündüyünü deyib: “Birinci qrup əhali hüquq və vəzifələrini bilir, bunları müdafiə etmək qabiliyyətindədir. Onlar konkret olaraq qurumlara müraciət edir, aktiv şəkildə öz hüquqlarını müqadiə edirlər.

İkinci qrup əhalimiz hüquqlarını bilir, amma inamsızdırlar. Hüquqlarını qorumağa cəhd etmirlər.

Üçüncü qrup isə hüquq və vəzifələri, qurumlar barədə məlumatsızdır.

Bizim vəzifəmiz məhz ikinci və üçüncü qrup əhalinin sayını azaltmaq, birinci qrupun sayını çoxaltmaqdır. Bu, təbii ki, ictimai iştirakçılığın da təmin edilməsinə köməkdir”.

Xatırladaq ki, Prezident İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edərkən çıxışında vətəndaşlara müraciət edib: “Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik”.

CANLI YAYIM