Yevlaxda aztəminatlı ailələr üçün meyvə bağları salınıb

Yevlaxda aztəminatlı ailələr üçün meyvə bağları salınıb

8 Noyabr, 14:05 Sosial mediada paylaşın:

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Yevlax rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.

AZTV.AZ xəbər verir ki, rayonun Balçılı kəndi ərazisində keçirilən mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxış edərək, respublikanın müxtəlif bölgələrində aztəminatlı ailələr üçün meyvə bağlarının salınmasının əhəmiyyətindən danışıb.

Mərasimdə bildirilib ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprelində başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba, Qəbələ, İmişli, Göygöl, Qazax, Balakən, Ağsu və Oğuz rayonlarında salınaraq aztəminatlı ailələrin, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib.

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı məhsullarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.

Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma növlərindən olmaqla, ümumilikdə, 22 min 120 meyvə ağacı əkilib və 69 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.

Sonra ağacəkmə aksiyasına start verilib. Meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyaya könüllü olaraq 200-dən çox yerli gənc qoşulub. Aksiya zamanı 2 hektar sahədə 1500 ədəd alma, ərik və xurma ağacı əkilib. Yeni salınan bağ rayonda yaşayan 3 aztəminatlı ailə arasında bərabər bölünərək, təmənnasız olaraq onların istifadəsinə verilib. Ailələr meyvə bağlarına qulluq göstərərək, məhsul götürməklə gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.

Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları gələcəkdə ölkənin digər rayonlarında da təşkil olunacaq.

CANLI YAYIM