52 il yol gələn Bakı metrosu

52 il yol gələn Bakı metrosu

8 Noyabr, 10:10 Sosial mediada paylaşın:

Bu gün Bakı Metropoliteni işçiləri peşə bayramını qeyd edir.

AZTV.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyevin 2006-cı il 28 oktyabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 8-i Bakı Metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Yaranmasının 52-ci ildönümünü qeyd edən Bakı metrosu 1967-ci il noyabrın 6-da 5 stansiya – indiki “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarından ibarət 9,2 kilometrlik yeraltı xəttin istifadəyə verilməsi ilə fəaliyyətə başlayıb. Üçü dərinözüllü olan bu stansiyalar arasında müntəzəm hərəkət təmin olunduqdan üç ay sonra, 1968-ci il fevralın 22-də “28 May-Xətai” xətti üzrə ilk qatar hərəkətə başlayıb. Bununla da, “28 May” stansiyası “Nəriman Nərimanov” və “Xətai” stansiyalarına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişinlər üçün keçid stansiyasına çevrilib.

Hazırda üç xətti və 25 stansiyası olan Bakı metrosu gələcəkdə beş xətdən ibarət olacaq. Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə, 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometr, stansiyalarının sayı isə 76-ya çatacaq.

“Bakı Metropoliteni” QSC bu ili də hadisələr, yeniliklərlə zəngin bir dövr kimi geridə qoyur. İlk növbədə bu il 6 yeni qatarlar Bakı metrosuna gətirilərək xəttə buraxılıb. Təkmilləşdirilib yeni texnoloji imkanlarla zənginləşdirilmiş bu qatarların salonu təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanı bioloji təmizləmə sistemləri ilə təmin olunub və bununla həmin vaqonların işıqlanmasına sərf olunan enerji 50 faiz azaldılıb. Salonda USB portlardan ibarət bloklar sərnişinlərin mobil cihazlarının enerji yükləməsinə də şərait yaradıb. Qeyd edək ki, hazırda Bakı metrosunda ümumilikdə 11 yeni qatar hərəkət edir. Bunlardan 5 ədədi 2015-2018-ci illərdə, 6 ədədi isə bu il ərzində gətirilib. Qarşıdakı 3 ildə isə 12 yeni qatarın gətirilməsi üçün müqavilə imzalanıb.

Bakı Metropoliteninin stansiyaları dövrün tələblərinə uyğun yeniləşir. Yenidən qurulan stansiyaların sırasında bu il ilk olaraq “Bakmil” stansiyası yer alıb. Burada 2017-ci ilin avqustundan mərhələli şəkildə yenidənqurma işlərinə başlanılıb. Müasir səviyyədə yenidən qurulan stansiya Prezident İlham Əliyevin iştirakı ilə martın 26-da açılaraq yeni görkəmdə sərnişinlərin istifadəsinə verilib. Stansiyanın əsas memarlıq görkəmi saxlanılaraq infrastrukturu və fasadı tamamilə yenilənib. Giriş-çıxışı birbaşa ikinci mərtəbədən olan “Bakmil” Bakı Metropoliteninin yeganə yerüstü stansiyasıdır. Yenidənqurma zamanı stansiyanın fəaliyyətini dayandırmamaq məqsədilə təmir-bərpa prosesi mərhələlərlə aparılıb. Yalnız ötən ilin avqustundan işlərin son mərhələsində sərnişinlərin stansiyadan istifadəsinə günün müəyyən saatlarında məhdudiyyətlər qoyulub. Stansiyada monolit dəmir-beton konstruksiyalı sərnişin platforması inşa edilib ki, bu da əvvəlkindən daha etibarlı, davamlı və uzunömürlüdür. Stansiyanın təmirdən sonra ən mühüm yeniliyi sərnişinləri birbaşa ikinci mərtəbədə - platforma səviyyəsində qəbul etməsidir ki, bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib.

CANLI YAYIM