Qaradan ağa: kölgə iqtisadiyyatının ləğvi ilə nələr əldə edəcəyik? - TƏHLİL

Qaradan ağa: kölgə iqtisadiyyatının ləğvi ilə nələr əldə edəcəyik? -TƏHLİL

7 Noyabr, 15:00 Sosial mediada paylaşın:

Bu gün kölgə iqtisadiyyatının ümumdaxili məhsuldakı payı bütün dünya ölkələrini bu və ya digər dərəcədə narahat edir. Bu göstəricinin yüksək olması hər bir ölkənin iqtisadi təhlükəsizliyi üçün təhdid kimi qiymətləndirilir. Ən pessimist statistiklərin hesablamalarına görə, dünyada işçilərin təxminən 65 faizi qeyri-formal iqtisadiyyatla bu və ya digər dərəcədə əlaqəlidir. Kölgə iqtisadiyyatının həcmi dünya üzrə 10 trilyon dollar həcmində qiymətləndirilir.

Kölgə iqtisadiyyatı hansı təhdidlərə yol açır?

Kölgə iqtisadiyyatının mövcudluğu nəticəsində, şübhəsiz ki, makroiqtisadi inkişaf öləziyir, bir çox iqtisadi qanunauyğunluqlar işləmir, sadəcə formal xarakter daşıyır. Bu bəla metastaz şəklində iqtisadiyyatı ümumilikdə zədələyir.

Birincisi, büdcə daxilolmaları azalır, dövlət vergilərdən əldə edə biləcəyi gəlirlərdən məhrum olur və beləliklə də əlavə investisiya proqramları üçün imkanları məhdudlaşır.

İkincisi, makroiqtisadi siyasət özünü doğrultmur, effektiv nəticələr vermir, rəqabətlilik aşağı düşür.

Üçüncüsü, xarici investorlar üçün yerli iqtisadiyyat cəlbediciliyini itirir.

Bununla belə, siyasi hakimiyyətin onun aradan qaldırılması üçün iradəsi və işlək mexanizmləri mövcuddursa və ardıcıl olaraq tətbiq olunursa, təbii olaraq, kölgə iqtisadiyyatı əsas etibarilə ümumi iqtisadiyyatdakı yerini itirir.

İslahatlar və “kölgə”dən işığa

Azərbaycan dövlətinin şəffaf iqtisadiyyatın qurulması istiqamətində müəyyən etdiyi prioritetlər və son illərdə aparılan islahatlar şəffaf iqtisadiyyatın möhkəmlənməsi, o cümlədən “kölgə iqtisadiyyatı”nın ümumi iqtisadiyyatdakı payının aşağı düşməsi ilə nəticələnir.

Təsadüfi deyil ki, ölkəmizdə aparılan islahatlar beynəlxalq miqyasda da yüksək qiymətləndirilir, Azərbaycan beynəlxalq təşkilatların reytinqlərindəki mövqelərini yaxşılaşdırır. Məsələn, ölkəmiz Dünya Bankının nüfuzlu "Doing Business 2020" hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilib. Hesabata əsasən, Azərbaycan "Doing Business" üzrə dörd istiqamətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bu sahələr əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsidir.

İslahatlar şəffaf iqtisadiyyatın qurulması, kölgə iqtisadiyyatının aradan qaldırılmasını təmin edir. Xüsusilə vergi və gömrük orqanlarında aparılan islahatlar olduqca mühüm nəticələr verməklə, iqtisadiyyatın digər sahələrinə də müsbət impuls ötürüb.

Şəffaf iqtisadiyyat və sosial proqramlar

Cari ilin 9 ayı ərzində gömrük və vergi orqanlarından dövlət büdcəsinə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil olub. Bu isə dövlətə əlavə sosisalyönümlü tədbirlər həyata keçirməyə imkan verib. 

Prezident İlham Əliyevin müəyyən etdiyi prioritetlər, hökumət qarşısında qoyduğu ən mühüm tələblərdən biri məhz tamamilə şəffaf iqtisadiyyatın formalaşdırılması ilə bağlıdır.

Oktyabrın 15-də dövlət başçısının yanında keçirilən iqtisadi müşavirədə Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət ayırdı: “Keçən il prezident seçkilərindən sonra mənim andiçmə mərasimindəki çıxışımda demək olar ki, bütün əsas istiqamətlər üzrə hədəflər müəyyənləşdirilibdir. O çıxış proqram xarakterli çıxış idi. O çıxışdan sonra biz əməli addımlara başladıq, islahatları dərinləşdirdik. Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var. Bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər. Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır”.

Göründüyü kimi, dövlət iqtisadiyyatın sağlamlaşdırılmasında israrlıdır və bu yöndə mövcud potensialın tam olaraq realizə olunmasını strateji hədəf kimi müəyyən edib. Dövlət eyni zamanda sahibkarların hüquqlarını qoruyur: “Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir”.

Prezident İlham Əliyev yeni iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən də məsələyə münasibət bildirmişdi.

Dövlət başçısı qeyd etmişdi ki, bu il Vergilər Nazirliyi plandan əlavə təqribən 350 milyon manatdan çox vəsait toplayıb və əlbəttə ki, bu, şəffaflığın təzahürüdür. Bütün bunlar isə dövlətə sosial layihələrin icrası üçün əlavə imkanlar yaradır və biz bu ilin əvvəlində həyata keçirilən iki böyük sosial paketin təzahüründə bunun şahidi olduq. Prezident deyir: “Təbii ki, bu vəsait bizə bu il çox geniş və ciddi sosial paket icra etmək imkanı verdi. Deyə bilərəm ki, bu sosial təşəbbüsün analoqu bu günə qədər olmamışdır. Dörd milyon iki yüz min insan bu sosial təşəbbüsdən faydalanıb, minimum əməkhaqqı təxminən iki dəfə, minimum pensiya 70 faizdən çox artırılıb. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz MDB məkanında birinci yerdəyik, amma orta pensiyanın səviyyəsinə görə üçüncü yerdəyik. Yəni, bu, doğrudan da çox böyük sosial təşəbbüsdür. Əlbəttə, əgər bizim maliyyə imkanlarımız olmasaydı, biz bunu edə bilməzdik”.

Göründüyü kimi, hüquqi, institutsional, struktural və kadr islahatları həm də məzmun, mahiyyət, yanaşma dəyişiklikləri ilə müşayiət olunur. Bütün dəyişikliklər isə bir hədəfə yönəlib: Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması!

Vüsal Məmmədov
Analitik Qrup

CANLI YAYIM