“Neft daşları” - 70 illik tarix, 70 illik əfsanə, 70 illik zəhmət... - Ayşəm Rüstəmovanın xüsusi reportajı

7 Noyabr, 11:26 Sosial mediada paylaşın:

Bu il “Neft daşları”nın - dünyada açıq dənizdə ilk dəfə neft çıxarmanın və onun ilk istinad nöqtəsi olan əfsanəvi şəhər-platformanın 70 illik yubileyidir.

Möcüzələr adasına ayaq basan kimi əmin olursan ki, bu 70 il ərzində əsrlərə bərabər yol keçilib. Xəzər dənizində, Bakıdan 110 km şimal-şərqdə yerləşən qara daşlar nəhəng istehsal-yaşayış kompleksinə çevrilib. Burada indiyədək 2 min civarında quyu qazılıb, 200 kilometrə yaxın estakada, 333 istehsalat meydançası tikilib. 100 kilometrlərlə neft, qaz, su kəmərləri çəkilib.

“Neft daşları”na dünyanın səkkizinci möcüzəsi də deyirlər. Çünki indinin özündə belə bütün dünyada bu cür şəhər-platforma mövcud deyil.

Hələ nəzərə alsaq ki, bu nəhəng şəhər-platforma 1949-cu ildə yaradılıb təəcüblənməmək, heyran qalmamaq sadəcə mümkün deyil. Həmin ilin yayında Ağaqurban Əliyev, Sabit Orucov və Yusif Səfərovun təşəbbüsü ilə burada ilkin kəşfiyyat və qazma işləri aparılıb. İstismar müddəti keçmiş “Çvanov” gəmisinin qrunta batırılması ilə yaradılan süni buxtadan ilk quyu fontan vurub.

“Neft daşları” açıq dənizdə quraşdırılan ilk dəniz platforması kimi “Ginnesin rekordlar kitabı”na daxil olub. İlk dəfə məhz burada istismardan çıxarılmış yeddi gəmi batırılaraq, neftçilərin yaşayışı və qazma işlərinin aparılması üçün şərait yaradılıb. Həmin dövrdə “Neft Daşları”nın xalq arasında “7 gəmi adası” kimi məşhurlaşmasının səbəbi bu idi.

Bu gün “Neft daşları”ndan çıxarılan neftin illik hasilat səviyyəsi artır. Hazırda qazma işi aparılan 331 saylı meydançadan hər birinin gözlənilən gündəlik hasilatı 10 ton neft olmaqla 10 ədəd quyunun qazılması layihələndirilir.

Ümumilikdə isə 70 il ərzində “Neft daşları” yatağından 176 milyon ton neft və 13 milyard kubmetrdən çox təbii qaz hasil olunub. Bütün bu nəticə dərin insan zəkasının, böyük əməyin nəticəsidir.

Bu gün “Neft daşları” 4000-ə yaxın insanın iş yeridir. Onlardan bəziləri burada yaşayır. Bəziləri isə növbəli iş rejimi ilə işləyir. Sakinlərin, neftçilərin və digər işçilərin həyat şəraitini yaxşılaşdırmaq üçün möcüzələr adasında böyük infrastruktur qurulub. Necə deyərlər, “Neft daşları” “ikinci bahar”ını yaşayır. “Neft daşları” həm də Azərbaycanın digər neft yataqlarını birləşdirən strateji kommunikasiya və infrastruktur düyünüdür. SOCAR-ın illik neft-qaz hasilatının 70 %-i sahilə məhz “Neft daşları”ndan ötürülür. Yəni “Neft daşları”nın qələbəsi, möcüzəsi bundan sonra hələ uzun illər davam edəcək...

Ayşəm Rüstəmova