Təhsil Şəbəkəsi layihəsi məktəblərimizə nə verir? - Nuray Mustafanın reportajı

Təhsil Şəbəkəsi layihəsi məktəblərimizə nə verir? - Nuray Mustafanın reportajı

6 Noyabr, 18:01 Sosial mediada paylaşın:

Müasir təhsil konsepsiyasının uğurlu icrasını şərtləndirən amillərdən biri də tədris prosesində interaktiv metodikaların tətbiqidir.  Artıq 3 ildir ki, icra olunan Azərbaycan Təhsil Şəbəkəsi layihəsi tədris prosesində innovativ yanaşma və mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradır. Belə ki, şəbəkəyə qoşulan tədris ocaqlarının internet və intranet xidmətləri ilə təminatı, elektron idarəetmə sistemləri ilə təchiz edilməsi və tədris prosesinin rəqəmsallaşdırılması kimi mühüm istiqamətlər üzrə işlər həyata keçirilir.

Hazırda Təhsil Şəbəkəsinə 360 ümumtəhsil məktəbi qoşulub. Burada əsas məqsəd ölkədə təhsil prosesini daha effektiv qurmağa imkan yaratmaq və məsafədən asılı olmayaraq təhsildə əldə olunan müsbət təcrübənin yayılmasını təmin etməkdir.

Şəbəkə respublikanın 3 min 186 ümumtəhsil məktəbini əhatə edir. Bu, ölkənin ümumtəhsil müəssisələrini, eləcə də bu sahədə dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən ən geniş intranet şəbəkəsidir. İntranet şəbəkəsinin internetdən fərqi ondan ibarətdir ki, xaricdən bu şəbəkəyə müraciət mümkün deyil. Həmçinin, onun köməyi ilə informasiya mübadiləsi təşkilat daxilində aparılır. Bu isə həm də vaxta qənaət deməkdir. 3 ildir ki, tətbiq edilən layihə çərçivəsində müxtəlif xidmətlər göstərilir. Bura yüksək sürətli internetə çıxış, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin İP telefoniya video-konfransın təşkili, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsi daxildir.

Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırma idarəsinin rəhbəri Vüsal Xanlarov Azərbaycan televiziyasına açıqlamasında bildirib ki, mərkəzləşdirilmiş şəbəkə ona imkan yaradır ki, şəbəkədə olanlara texniki dəstək mərkəzləşdirilmiş qaydada həyata keçirilsin. Eyni zamanda məktəblərarası telekommunikasiya daha sürətli, daha səmərəli və daha asan təşkil olunsun.

***

Şəbəkənin üstün cəhətlərindən biri də burada avtomatik filtrasiya sisteminin tətbiqidir. Bununla da şagirdlər zərərli və təhlükəli məlumatlardan uzaq olurlar. Təhsil Şəbəkəsinin paytaxtla yanaşı, rayonları əhatə etməsi də nəzərdə tutulub.

İnformatika müəllimi Sevinc Süleymanova deyir ki, rəqəmsal bacarıqlar layihəsini artıq 3 ildir istifadə edirlər: “Hazırda iki layihə tətbiq olunur və uşaqlar hər iki layihədə internetdən istifadə edirlər. Rəqəmsal bacarıqlar layihəsini artıq 3 ildir istifadə edirik. Bu ildən artıq STEM layihəsinin tətbiq edirik. Hər bir dərs-tapşırıq onlayn şəkildə olur. İnternetdən istifadə edirlər. Özləri daxil olurlar, öz kod parollarını yazırlar və tapşırıqları orada icra edirlər”.

***

Qeyd edək ki, ölkə üzrə təhsil müəssisələri kompüter avadanlığı, elektron lövhə və proyektorlar, elektron laboratoriya, bu ildən isə 3D printerlərlə ilə təchiz edilirlər. Azərbaycan Təhsil Şəbəkəsi korporativ intranet şəbəkəsi olduğundan, nəinki əhatə etdiyi təhsil ocaqlarını, eləcə də müəssisə daxilində vahid internet mühitinin formalaşdırılmasına imkan yaradır.

Şagird Ərtoğrul Balayev: “Biz internet vasitəsilə onlayn alqoritimka tapşırıqlarını yerinə yetiririk. Bizim tapşırıqlar onlayn platforma şəklində olur. Biz marşalqoritmka.az saytına daxil oluruq, müəllimimizin bizə verdiyi kod parolları daxil edib, tapşırıqları yerinə yetiririk. Əlavə olaraq isə steam işləyirik”.

Bu kontekstdə tədris prosesinin sadalanan interaktiv imkanlarla zənginləşdirilməsi baxımından Təhsil Şəbəkəsi mühüm əhəmiyyət kəsb edir. Gələn ildən ölkə ərazisində fəaliyyət göstərən əksər ümumtəhsil məktəblərinin bu şəbəkəyə qoşulması nəzərdə tutulur. 

Nuray Mustafa

CANLI YAYIM