Bu gün bizim günümüzdür: 93 illik “yol” necə başladı? -AzTV-dən reportaj

6 Noyabr, 13:35 Sosial mediada paylaşın:

Bu gün Azərbaycan Televiziyasının 63, Radiosunun isə 93 yaşı tamam olur. 6 noyabr tarixi ölkəmizdə teleradio işçilərinin peşə bayramı kimi qeyd olunur.

1926-cı il noyabrın 6-da ”Danışır Bakı!” kəlməsi ilə dinləyiciləri salamlayan və heyrətləndirən Azərbaycan Radiosu milyonların həyatının ayrılmaz parçasına çevrildi. Ana radiomuz həm də Azərbaycanın ilk “səs”i idi! Bu “səs”in yaratdığı ovqatı sonralar televiziya təzələdi – ana televiziyanın qarşısında da yolu, məhz radio açdı. Radiodan düz 30 il sonra, 1956-cı il fevralın 14-də televiziya tamaşaçıların görüşünə gəldi. Uzun illərdir qoşa yol gələn teleradiomuz indi müstəqil Azərbaycanın dünyanın hər yerində eşidilən səsi, görünən güzgüsüdür.

Radionun ilk “ev”i indiki “İstiqlaliyyət küçəsi, 10” ünvanından, AMEA-nın əsas binasının 3-cü mərtəbəsində, cəmi üç otaqdan ibarət olub. İlk vaxtlar cəmi bir saat “danışan” radio yalnız Bakı və Bakı ətrafında eşidilib.
Azərbaycan Teleradiosu indi böyük bir kollektivi əhatə edir, ənənəsinə sadiqdir, yeniliyə açıqdır. Radioda rəngarəng ədəbi-bədii, ictimai-siyasi verilişlər, maraqlı efir söhbətləri, maarifləndirici proqramlar çoxdur.
Beynəlxalq Radio da fəaliyyətini uğurla davam etdirir, hər gün dünyaya müxtəlif dillərdə verilişlər yayımlayır.

Azərbaycan Televiziyasının ilk “ev”i olan Bakı studiyası isə 30 kvadrat metrlik iki otaqdan ibarət olub. 1957-ci ildən televerilişlər həftədə 5 dəfə yayımlanıb. 2003-cü ilin sonlarından dünyada yayımlanmağa, 2005-ci ilin yanvarından 24 saatlıq yayıma başlayıb. Teleradionun uğurlu fəaliyyəti ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O, milli televiziyanın 40 illik yubileyi münasibətilə təntənəli gecədə Azərbaycanın milli televiziyasının xalqımızın milli sərvəti olduğunu dilə gətirib.

Prezident İlham Əliyevin diqqət və qayğısı isə teleradionu yeni inkişaf mərhələsinə çatdırıb. Azərbaycan Televiziyası artıq dünyanın ən qabaqcıl telekanalları ilə rəqabət apara biləcək səviyyədədir. İndi onun həyatında yeni dövr başlayıb, ciddi islahatlar aparılır. Yeni studiyalar, çəkiliş pavilyonları elə yeni proqramların, veriliş və tok-şouların meydanına çevrilib.

Azərbaycan Televiziyasında xəbər buraxılışları 1960-cı ildə “Günün yenilikləri” ilə başlayıb, “Son xəbərlər”lə davam edib, 1967-ci ildən “Günün ekranı” kimi efirə çıxıb, bu gün “Xəbərlər”lə efirdədir. “Xəbərlər” Azərbaycan, rus və ingilis dillərində olmaqla 13 dəfə efirə çıxır.

Televiziyanın analitik proqramlarının da sayı artıb. Bu verilişlər “İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın komandası tərəfindən ərsəyə gətirilir.

AzTV xəbər həftəsinə hər bazar günü “Həftə” analitik informasiya proqramında daha geniş və ətraflı təhlillə yekun vurur

2009-cu il fevralın 1-də isə Azərbaycan Televiziyasının nəzdində “İdman” kanalı efirə vəsiqə alıb.

AzTV-nin 55 yaşının tamamında isə ilk dəfə tamaşaçıların görüşünə gələn “Mədəniyyət” kanalı Azərbaycan mədəniyyətini dünyada təbliğ edir və bəşəri xəzinənin incilərini Azərbaycan tamaşaçılarına çatdırır.
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi və “Sabah” Yaradıcılıq Studiyası da indi yeni film və tamaşalar hazırlayır.

Teleradio Akademiyasında isə növbəti dərs ili uğurla davam edir. Akademiyanın məzunları artıq teleradiomuzun əməkdaşlarıdır.