Böyükşor gölü ərazisində 50-dən artıq sərv ağacı əkilib

Böyükşor gölü ərazisində 50-dən artıq sərv ağacı əkilib

2 Noyabr, 14:52 Sosial mediada paylaşın:

Noyabrın 13-dən 15-dək Bakı Ekspo Mərkəzində “Caspian Ecology 2019” sərgisi keçiriləcək. İlk dəfə 2010-cu ildə öz qapılarını ziyarətçilərin üzünə açan sərgi ildən-ilə həm ölkəmizdə, həm də regionda geniş şöhrət tapır. Sərgi fəaliyyət göstərdiyi müddətdə dünyanın 15 ölkəsindən 500 şirkəti bir araya gətirməyə nail olub.

Noyabrın 2-də Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən Böyükşor gölü ərazisində Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology” sərgisinin 10 illik yubileyi münasibəti ilə sərv ağacları əkilib.

Yeni yaşıl zona şəhərimizin bioloji müxtəlifliyini daha da zənginləşdirəcək. Yaşıllaşdırma üçün sərv ağacının seçilməsi təsadüfi deyil – hələ qədim zamanlardan dözümlülük, əzmkarlıq və canlılıq rəmzi olan sərv ağacı həmişəyaşıl və uzunömürlü ağacdır. Ərazidə əkilən ağaclar “Bakı Abadlıq Xidməti” tərəfindən təmin edilib.

Ağacların əkilməsində sərginin təşkilatçıları, daimi iştirakçıları, onların uşaqları, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri iştirak ediblər. Ümumilikdə 50-dən artıq sərv ağacı əkilib.

Onuncu dəfə keçirilən builki sərgi ictimaiyyətin və müvafiq qurumların diqqətini növbəti dəfə ətraf mühitin qorunması, təbii resurslardan istifadənin optimallaşdırılması və materialların təkrar emalı kimi məsələlərə yönəldəcək. “Caspian Ecology” sərgisinin iştirakçıları olan aparıcı sənaye şirkətləri üç gün ərzində sektorun ən son uğur və innovasiyalarını peşəkar auditoriyaya nümayiş etdirəcək.

Qeyd edək ki, “Caspian Ecology” sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir. Tədbirin sponsorları qismində “Mətanət A”, “AIMC” və “Holcim Azerbaijan” şirkətləri çıxış edirlər.

CANLI YAYIM