Almaniyada azərbaycanlı muğam ifaçılarının akustik və fizioloji xüsusiyyətləri tədqiq olunub

Almaniyada azərbaycanlı muğam ifaçılarının akustik və fizioloji xüsusiyyətləri tədqiq olunub

2 Noyabr, 11:40 Sosial mediada paylaşın:

Azərbaycan Milli Konservatoriyasında (AMK) Almaniyanın Frayburq Universitetinə xanəndə səslərinin tədqiqi və nəticələri ilə bağlı seminar keçirilib.

AMK-dan AZƏRTAC-a bildirilib ki, seminarda ali təhsil ocağının rəhbərliyi, professor-müəllim və tələbələr, dəvət olunmuş qonaqlar iştirak ediblər.

Seminarda AMK-nın professorları, elmi işlər üzrə prorektor, Lalə Hüseynova, Xalq artisti Mənsum İbrahimov və Konservatoriyanın doktorantı Aleksandria Sultan von Bruseldorf çıxış edərək, tədqiqat və səfərlə bağlı təəssüratlarını bölüşüblər.

Bildirilib ki, AMK-nın nümayəndə heyəti, Frayburq Universitetinin professoru Yurgen Henningin rəhbərliyi ilə radiologiya və tibbi fizika kafedrasında muğam ifaçılarının səslərinin elmi araşdırılmasında iştirak ediblər.

Tədqiqat, AMK-nın doktorantı Aleksandria Sultan von Bruseldorfun “Muğam ifaçılarının vokal aparatının akustik və fizioloji xüsusiyyətləri” adlı tədqiqat layihəsi çərçivəsində aparılıb.

Tədqiqatda AMK-nın 4-cü kurs tələbəsi Sədəf Budaqova da iştirak edib.

Professor Lalə Hüseynova çıxışında bildirib ki, tədqiqatın keçirildiyi Frayburg Universitetinin klinikası, bir neçə il ərzində ən son texnologiyalardan istifadə etməklə müxtəlif vokal səsləri araşdıraraq səsin fizioloji və akustik parametrlərinin öyrənildiyi dünyada azsaylı tibb müəssisələrindən biridir. 100-ə yaxın opera vokalçısının, rok musiqi janrından repə qədər müxtəlif istiqamətlərdə ifaçıların səs aparatları araşdırılıb öyrənilsə də, şərq ifaçılıq üslubunun, xüsusilə muğam ifaçılarının səs aparatının tədqiqi ilk dəfə qeydə alınıb.

“Tədqiqat prosesinin özündə müəyyən çətinliklər var idi. Belə ki, xanəndələr vokal sənətinin imkanlarını tamamilə qeyri-adi bir mühitdə göstərməli idilər. Mənsum İbrahimov və tələbəsi Sədəf Budaqova bu çətin və qeyri-adi sınaqdan uğurla çıxdılar və beləliklə ilk dəfə olaraq Azərbaycan muğam ifaçılarının səs aparatları MRİ aparatından istifadə edilərək qeydə alınıb”, - deyə L.Hüseynova bildirib.

Seminarda, həmçinin qeyd olunub ki, Azərbaycan xanəndələrinin səs aparatlarının bu şəkildə öyrənilməsi AMK-nın doktorantı Aleksandria Sultan von Bruseldorfun elmi işləri sayəsində həmin universitetdə ilk dəfə həyata keçirilib və alman mütəxəssislərinin böyük marağına səbəb olub.

CANLI YAYIM