Maliyyə Bazarlarına Nəzarət Palatası bankla bağlı qaydalara dəyişiklik etdi

Maliyyə Bazarlarına Nəzarət Palatası bankla bağlı qaydalara dəyişiklik etdi

31 Oktyabr, 16:00 Sosial mediada paylaşın:

Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edib.

Palatadan AZTV.AZ-a verilən məlumata görə, ölkədə iqtisadiyyatın şaxələndirilməsi, şəffaflığın daha da atırılması, maliyyə vasitəçiliyinin genişləndirilməsi istiqamətində kompleks tədbirlər aparılmaqdadır. Görülmüş işlər, o cümlədən nağdsız hesablaşmalara dair qanunun qəbul edilməsi, problemli kreditlərin həllinə dair fərmanın icrası, habelə bank sektorunun kapitalizasiyası maliyyə sabitliyinin bərpası və sektorda likvid vəsaitlərin artımını şərtləndirib. Bundan əlavə, Daşınar Əmlakın Yüklülüyü Dövlət Reyestrinin (DƏYDR) fəaliyyətə başlaması və aktiv istifadə olunması biznes kreditlərinin təminatlığı problemini əhəmiyyətli dərəcədə azaldıb. Həmçinin ölkəmizdə aparılan vergi və gömrük islahatları, KOS-ların maliyyələşdirilməsi mexanizmlərinin artırılması və bu istiqamətin prioritetləşməsi onların gəlirlərinin artacağı ehtimalını yüksəldib.

Bütün qeyd olunanların fonunda Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edilib. Dəyişikliklər Prezident İlham Əliyevin “iqtisadiyyatın real sektoruna kreditləşmənin artırılması” çağırışını da özündə ehtiva edib. Belə ki, qaydalara edilmiş əsas dəyişikliklərdən biri KOS subyektlərinə və qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələrinin azaldılmasıdır. Risk dərəcələrinin azaldılması banklara onların mövcud kapitalları çərçivəsində daha çox biznes krediti vermək imkanı yaratmaqla toplanmış resursların həmin sahələrə yönləndirilməsini daha maraqlı edir. Bu isə makro səviyyədə biznes subyektlərinin maliyyə əlçatanlığının artırılması və iqtisadiyyatın şaxələndirilməsinə təkan verəcək.

Dəyişikliklər layihəsində, həmçinin məsuliyyətli kreditləşmə və sağlam borclanma ilə bağlı həyata keçirilən prudensial siyasətin daha effektiv təşkili və spekulyativ halların aradan qaldırılması ilə bağlı məsələlər də mövcuddur. Belə ki, qaydalarda istehlak kreditləri üzrə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq differensial və daha sərt yanaşma tətbiq edilib. Tənzimləmənin bu formatda təşkili, banklar üçün biznes kreditləri ilə müqayisədə istehlak kreditlərinin veriləməsinin cəlbediciliyini azaldacaq. Nəticədə istehlak kreditlərinin artım tempi zəifləyəcək və əhalinin izafi borclanmasını məhdudlaşacaq.

Eyni zamanda, qaydalarda requlyativ çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı dəyişikliklər də yer alıb. Buna misal kimi, kredit riskləri üzrə Bazel II Yeni Standart Yanaşmaya tam keçidin edilməsi, o cümlədən beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş reytinqlər əsaslı suveren və korporativ qiymətli kağızların risk dərəcələri üzrə təsnifləşdirilməsi göstərilə bilər. Bununla yanaşı, Bazel II və III nəsil prinsiplərinin tətbiqi məqsədilə qaydalara bazar və əməliyyat risklərinə qarşı kapital buferi formalaşdırılması tələbi əlavə edilib. Bu cür tələblərin gətirilməsi prudensial tənzimləmənin beynəlxalq səviyyəyə qaldırılması, bank sktorunun kredit risklərindən əlavə bazar və əməliyyat risklərinə qarşı da dayanıqlılığının artmasının göstəricisidir. Bu tələblərlə yanaşı, prudensial çərçivənin Bazel III nəsil prinsiplərinə uyğunlaşdırılması məqədilə kapital adekvatlığı əmsallarının hesablanması zamanı kontr-tsiklik kapital buferinin nəzərə alınması tələbi əlavə edilib. Kontr-tsiklik kapital buferi makroprudensial alət olaraq bank sektorunu izafi kreditləşməsinin nəticəsi olan sistem risklərinin qarşısının alınması və tsiklik proseslərə həssaslığının azaldılmasını nəzərdə tutur. Bütövlükdə, nəzarət orqanlarına kontr-tsiklik kapital buferinin tətbiq edilməsi gücünün verilməsi izafi kreditləşmə dövrlərində kreditləşmənin artım tempinin azaldılması, habelə adekvat kapital buferinin formalaşdırlması imkanı yaradır.

CANLI YAYIM