“Tokio 2020” əvvəlki olimpiadalardan fərqlənəcək

“Tokio 2020” əvvəlki olimpiadalardan fərqlənəcək

29 Oktyabr, 16:13 Sosial mediada paylaşın:

Gələn il iyulun 24-dən avqustun 9-dək Yaponiyanın paytaxtı Tokioda XXXII Yay Olimpiya Oyunları keçiriləcək.

“Gündoğar” ölkə “Tokio 1964”dən sonra ikinci dəfə Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Həmin il təşkil olunan XVIII Yay Olimpiya Oyunlarında 93 ölkədən 5151 idmançı iştirak edib. Olimpiya məşəlini Yoşinori Sakai alovlandırıb. Xüsusilə qeyd etmək lazımdır ki, Y.Sakai Xirosima şəhərinə atom bombasının atıldığı gün – 1945-ci il avqustun 6-da doğulduğu üçün müharibədən sonra Yaponiyada yenidənqurma prosesinin və sülhün rəmzinə çevrilib.

Tokionun Olimpiadaya ev sahibliyi uğrunda mübarizədə qələbəsi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) XXXII Yay Olimpiadasına ev sahibliyi üçün ərizələrin təqdimatına 2011-ci ilin sentyabrında start verib. İlkin mərhələdə Bakı və Doha şəhərlərinin də iştirak etdiyi namizədlik mübarizəsində üç şəhər finala vəsiqə qazanıb. BOK-un Buenos-Ayresdə keçirilən 125-ci sessiyasında Madrid, İstanbul və Tokio şəhərlərinin arasından sonuncu namizəd qalib elan edilib. Ev sahibliyi uğrunda mübarizədə Madrid üçüncü, İstanbul beşinci, Tokio isə ikinci dəfə iştirak edirdi.

XXXII Yay Olimpiya Oyunlarının məşəl estafetinə martın 12-də Olimpiadanın beşiyi olan Yunanıstanın Olimpiya şəhərində start veriləcək. “Tokio 2020”nin açılış mərasimi iyulun 24-də keçiriləcək. Dünyanın 205 ölkəsindən 12,5 min idmançının iştirak edəcəyi Olimpiadaya avqustun 9-da yekun vurulacaq.

“Tokio 2020”yə hazırlıq prosesində indiyədək 13 milyard dollar vəsait xərclənib. Olimpiadada idman yarışlarının təşkili üçün İmperator sarayı da daxil olmaqla 42 idman qurğusundan istifadə ediləcək. Bu qurğulardan 8-i yeni inşa olunub. Qurğuların 24-də əsaslı bərpa işləri aparılıb ki, onlardan beşi “Tokio 1964”dən miras qalıb. On idman qurğusu isə sonrakı dövrdə istifadə üçün nəzərdə tutulan müvəqqəti arenalardır.

Yaponiyanın ideal nəqliyyat sistemi Olimpiada günlərində sərbəst hərəkəti təmin edəcək

Qeyd edək ki, XXXII Yay Olimpiadası üçün 42 idman qurğusundan istifadə olunması rekord göstəricidir. Belə ki, “Rio 2016”da və “Pekin 2008”də 37, “London 2012” isə 31 idman obyektindən istifadə olunub. Bu arenaların əksəriyyəti bir-birinə yaxın ərazidə yerləşir. Lakin uzaq məsafədə yerləşənlər də var. Bunlar basketbol, sörfinq, atıcılıq yarışlarının keçiriləcəyi arenalardır. Amma təşkilatçılar inandırırlar ki, Olimpiada dövründə heç bir problem olmayacaq. Çünki Yaponiyanın ideal nəqliyyat sistemi Olimpiadada əhalinin və turistlərin sərbəst hərəkətini təmin edəcək. Dünyanın nəhəng şəhərlərindən olan Tokioda 285 metro stansiyası fəaliyyət göstərir. Ən önəmlisi isə arenalar nəqliyyat qovşaqlarına yaxın ərazidə yerləşir. Şəhərin mərkəzindəki meydan şərti olaraq iki hissəyə bölünüb. İrs zonasında “Tokio 1964”ü əks etdirən obyektlər, Tokio körfəzi zonasında isə şəhərin yarım əsr ərzində inkişafını nümayiş etdirən müasir tikililər yerləşib.

Tokio Olimpiadaya nümunəvi ev sahibliyi əzmindədir

Beynəlxalq Olimpiya Komitəsi (BOK) hesab edir ki, Tokio ev sahibi kimi xərclərin azlığına və tikilən qurğulardan səmərəli istifadəyə görə digər şəhərlərə nümunə sayıla bilər. Bunun üçün uzağa getmək lazım deyil, elə sonuncu Olimpiya Oyunlarını xatırlamaq kifayətdir. “Rio 2016” Olimpiadasının idman meydançaları ağrılı reklamı xatırladır. XXXI Yay Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeyroda vəziyyət acınacaqlıdır. Milyardlarla vəsaitin xərcləndiyi idman obyektləri boş və istifadəsiz qalıb. Hazırda ölkələr və şəhərlər Olimpiya Oyunlarına ev sahibliyi etməkdən müəyyən mənada çəkinirlər. Yaponiyada da əhalinin bir qrupu Olimpiadanın təşkilinə etiraz etsə də, çox güman ki, Tokio bu tendensiyanı dəyişən şəhər kimi tarixə düşəcək.

Yaponlar Olimpiadanın təşkili üçün ilkin mərhələdə 7 milyard dollar nəzərdə tutsalar da, indi həmin məbləğ 12,6 milyard dollar təşkil edir. Ümumilikdə, Olimpiadaya qədər ümumi məbləğin 20 milyard dollar təşkil edəcəyi gözlənilir. Hazırda biletlərin satışı göstərir ki, tamaşaçı tribunaları “Pxençxan 2018” Olimpiadasında olduğu kimi boş qalmayacaq.

Olimpiya stadionun inşasında milli ornamentlərə yer verilib

Yaponlar “Tokio 1964”ün əsas tədbirlərinin keçirildiyi Olimpiya Stadionunu söküb yerində yenisini tikməyə qərar verdilər. “Tokio 2020”nin əsas stadionunun ilk layihəsini tanınmış memar mərhum Zaha Hadid hazırlayıb. “London 2012”də su idman növləri mərkəzinin layihəsini də məhz Zaha Hadid hazırlayıb. Lakin bu layihə 2 milyard dollara başa gəldiyindən “Tokio 2020”nin təşkilat komitəsi ondan imtina etdi. Yeni memar kimi yaponiyalı mütəxəssis Kenqo Kuma müraciət olundu. Onun layihəsinin smeta dəyəri isə daha münasib idi və 1,25 milyard dollara başa gəlirdi. K.Kuma işində qeyri-adi detalları çox sevir. “Daş muzey”, “Plastik ev” kimi memarlıq layihələrinin müəllifi kimi tanınan K.Kuma stadionunun örtüyünün hazırlanmasında ölkənin 47 prefekturasında bitən sidr və larc ağaclarından olan tikinti materiallarına üstünlük verib. Çünki milli-mənəvi dəyərlərə, tarixə önəm verən yaponlar belə incə və rəmzi məna daşıyan detalları sevirlər. Olimpiya Stadionu yüngül atletika yarışları üçün 68 min, futbol turniri üçün isə 80 min tamaşaçı tutumuna malikdir. Klassik üslubda inşa edilən stadionda tikinti işləri artıq başa çatmaq üzrədir və bu ilin dekabrında açılışa verilməsi gözlənilir.

Beləliklə, yaponların “Tokio 2020”yə hazırlıq prosesində ən xırda detalları belə peşəkarlıqla nəzərə almaları və bu işə yüksək diqqət yetirməsi XXXII Yay Olimpiya Oyunlarının uğurla təşkil ediləcəyini deməyə əsas verir.

CANLI YAYIM