Əvvəlki illərdə yanan meşələrin bərpasına başlanılacaq

29 Oktyabr, 13:20 Sosial mediada paylaşın:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu payız əvvəlki illərdə yanğına məruz qalan meşə sahələrinin bərpasına başlayacaq”.

AZTV.AZ xəbər verir ki, bunu jurnalistlərə nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov deyib.

Onun sözlərinə görə, artıq meşəbərpa işlərinin aparılması üçün Qəbələ, Oğuz, Şəki, Bərdə, Yardımlı, Şamaxı, İsmayıllı rayonlarının yanğına məruz qalan meşə sahələrində hazırlıq işləri görülür. Bildirib ki, əvvəlcə torpağın üst qatı yumşaldılır, sonra müxtəlif meşəcinsli ağacların toxumları səpiləcək.

A.Qaraşov adıçəkilən rayonların sakinlərinə müraciət edərək xahiş edib ki, meşə sahələrinə mal-qaranı buraxmasınlar. Bununla, həm yeni əkilmiş tinglərin qorunmasına, həm toxumların cücərməsinə, həm də təbii bərpa işlərinin getməsinə şərait yaranacaq: “Hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları nəticəsində minlərlə hektar meşə zolaqları yanaraq külə dönür. Azərbaycanda böyük sahələri əhatə edən meşə yanğınları olmayıb, kiçik həcmli yanğınlar baş verib ki, bunun da qarşısı tez bir zamanda alınıb”.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda meşə yanğınları əsasən havaların isti və quraq keçdiyi yay aylarında, yəni ot örtüyünün tam quruduğu zaman əsasən insanların ehtiyatsızlığı səbəbindən baş verib. Məsələn, kimsə söndürülməmiş siqaret kötüyünü, kibriti əraziyə atanda, tonqalı söndürməyəndə, taxıl biçildikdən sonra kövşənləri yandıranda...